Mikayıl Müşfiqin doğum günündə abidəsi ziyarət olunub - FOTOLAR

  • By admin
  • 05 İyun 2017 19:00

mikayil_mushvig_abide_050617_01

İyunun 5-i görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin (1908-1938) doğum günüdür.

Mədəniyyət və Turizm Nazirliyindən Gununsesi.info-ya  verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov şairin abidəsini ziyarət ediblər.

Mikayıl Müşfiqin abidəsi önünə tər çiçək dəstələri qoyulub, şairin xatirəsi hörmətlə yad edilib.

Məlum olduğu kimi, Bakı şəhəri Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsinin yerləşdiyi park da yenidən qurulub. Park abadlıq işlərindən sonra insanların istifadəsinə verilib.

Mətbuata açıqlama verən mədəniyyət və turizm naziri Ə.Qarayev bildirib ki, bir neçə ay öncə aparılan yenidənqurma və yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsinin aidiyyəti qurumlara bildirilmədən götürülmüşdü. Ölkə ictimaiyyətinin narazılığına səbəb olan bu məsələnin hərtərəfli araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aidiyyəti orqanlara dərhal tapşırıq verildi və abidənin öz yerinə bərpa olunması üçün müvafiq işlər həyata keçirildi: “Bu gün Mikayıl Müşfiqin adını daşıyan park aparılan abadlıq, quruculuq işlərindən sonra yenidən Bakı sakinlərinin sevimli istirahət guşələrindən biridir. Abidənin bərpa olunması ölkəmizin şəhərsalma və memarlıq üslubuna uyğun həyata keçirilib. Gördüyünüz kimi, heykəl yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən ucaldılıb. Həmçinin gözəl park salınıb”.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Mikayıl Müşfiqin abidəsinin qısa zamanda bərpa olunmasının ölkəmizdə mədəniyyətə, ədəbiyyata verilən dəyər kimi qiymətləndirib. Qeyd edib ki, ərazidə yaşıllaşdırma və abadlıq işləri də yüksək səviyyədə aparılıb.

Xatırladaq ki, Mikayıl Müşfiqin 1970-ci ildə hazırlanan heykəlinin müəllifi Əməkdar rəssam Münəvvər Rzayevadır. Abidənin yenidən bərpa olunmasında memarlar Maqsud Məmmədov, Kamal İbrahimov və Cahid Əlizadə iştirak ediblər. Park ərazisində fəaliyyət göstərən restorana da yeni – “Oxu, tar” adı verilib.

mikayil_mushvig_abide_050617_11 mikayil_mushvig_abide_050617_10 mikayil_mushvig_abide_050617_09 mikayil_mushvig_abide_050617_08 mikayil_mushvig_abide_050617_07 mikayil_mushvig_abide_050617_06 mikayil_mushvig_abide_050617_05 mikayil_mushvig_abide_050617_04 mikayil_mushvig_abide_050617_03 mikayil_mushvig_abide_050617_02

Gununsesi.info