Millət vəkili Qənirə Paşayeva xarici ölkələrdən gəlmiş gənc alimlərə Qarabağ problemindən və Xocalı Soyqırımından danışıb.
Gununsesi.info-nun xəbərinə görə, Qənirə Paşayeva Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilən “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda təşkil edilən beynəlxalq konfransda iştirak edib. 12 xarici ölkədən gəlmiş gənc alimlərlə görüşüb.
Görüşdə iştirak edən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov gənc alimlərin ölkəmizə gəlmə məqsədindən danışıb və gənc alimlərin iştirak etdiyi “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda təşkil edilən beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Gənc alimləri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan dövlətinin və xalqının multikulturalizmə və tolerantlığa verdiyi dəyərdən danışıb.
Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə bu ilin mulkulturalizm ili elan olunduğunu diqqətə çatdıran millət vəkili Q.Paşayeva bildirib ki, xalqımız tarixən öz fəlsəfi görüşündə “dünya bizim evimizdir” prinsipini rəhbər tutub, Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar və bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur.
Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ermənilər tərəfindən məhv edilən tarixi, maddi, mənəvi dəyərlərimiz, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti və erməni vandalizmi, Xocalı Soyqırımı barədə geniş məlumat verib və xarici ölkələrdən gəlmiş gənc alimlərə, fəallara,aydınlara səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb və bu istiqamətdə gənc alimlərin suallarını cavablandırıb. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur deyən millət vəkili Qənirə Paşayeva harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik söyləyib.
Millət vəkili Q.Paşayeva gənc alimləri fəaliyyətlərində və yaradıcılıqlarında Azərbaycana, Qarabağ problemi və Xocalı Soyqırımı mövzusuna da daha geniş yer verməyə çağırıb.
Gülnaz Qənbərli
Gununsesi.info