Deputat: “Qardaş Macarıstandan daha çox turist gözləyirik”

Deputat: “Qardaş Macarıstandan daha çox turist gözləyirik”

xeber

Millət vəkili Qənirə Paşayeva Macarıstanda Turan Qurultayı çərçivəsində, qurultayın düzənləndiyi Buğaç meydanında Azərbaycanla bağlı konfrans keçirib.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycanın qədim tarixi barədə məlumatlar verən millət vəkili Q.Paşayeva bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın Azərbaycanda qurulduğunu, eləcə də müsəlman Şərqində Azərbaycanın qadınlara ilk dəfə seçmək və seçiilmək haqqı verən ölkə olduğunu deyib. O bildirib ki,  hətta bəzi Qərb ölkələrindən də öncə Azərbaycan qadınları bu haqlara malik olub. Azərbaycan mədəniyyyəti haqqında  geniş çıxış edən millət vəkili Q. Paşayeva Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti, bütün müsəlman Şərqində ilk operanı yazan Üzeyir Hacıbəyli, müsəlman şərqində ilk opera yazan qadın Şəfiqə Axundova, Azərbaycanın zəngin muğam və saz musiqisi barədə də geniş söhbət açıb. Azərbaycan-Macarıstan münasibətlərindən danışan millət vəkili Q.Paşayeva Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətlərindən Əli bəy Hüzeynzadənin macarlara ithafən 19-cu əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili Q. Paşayeva bu istiqamətdə əldə olunana uğurlar barədə də danışıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. Tədbir iştirakçılarını Azərbaycan dəvət edən millət vəkili,  qardaş Macarıstandan daha çox turist gözləyirik deyib və Azərbaycanın turizm imkanları barədə də məlumatlar verib. Azərbaycanda müxtəlif xalqlar və dini icmalar arasında çox gözəl münasibətlər olduğunu deyən millət vəkili Q. Paşayeva ölkəmizdə multukulturalizmə verilən böyük önəmdən də danışıb və bu istiqamətdə həyata keçirilən yerli və beynəlxalq layihələri də vurğulayıb. Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpqlarımız barədə də çıxış edən millət vəkili tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. Millət vəkili Q.Paşayeva tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb. Konfransdan sonra millət vəkili Q. Paşayeva bir neçə macar tarixçisi ilə də görüşüb və geniş müzakirələr aparılıb.

Gülnaz Qənbərli

Gununsesi.info

COMMENTS