Millət vəkili Milli Məclisi tənqid etdi - "BİZ NƏDƏN DANIŞIRIQ, ÖZÜMÜZ NÜMUNƏ OLMALIYIQ"

  • By admin
  • 15 Noyabr 2017 12:42

Millət vəkili Aytən Mustafayeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələrin müzakirəsi zamanı lal və korlar, əlillər üçün məktəblərin yaradılmamasından şikayətlənib.

Gununsesi.info xəbər verir ki, “Bu gün respublikanın rayonlarında lal və korlar üçün məktəblər olmadığından onlar dövlət üzərində yük oldurlar. Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Onların təhsil almaq və digər bütün hüquqları var. Biz şərait yaratmırıq və sonra da əhalinin ələ baxımlılığından danışırıq. Axı biz iş gördükmü, onların məşğulluğu istiqamətində iş görüb iş yerləri açdıqmı, sonradan da ələ baxımlılığından danışmayaq. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal, kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz? Ələbaxmasınlar deyə, onlara iş yeri verməliyik. Bunun məsuliyyətini hamımız çəkirik”- deyən A.Mustafayeva qeyd edib ki, əlillərin bir qismi işləmək istəyir: “Ancaq ona iş verən yoxdur. Ona görə də fiziki qüsurlu insanlar üçün şərait yaradılmalıdır. Onlar təhsil almalı və peşələrə yiyələnməlidirlər. Onlar peşəyə yiyələndikdən sonra işlə təmin edilməlidir”.

Deputat əlavə edib ki, biz əlillərin cəmiyyətə inteqrasiya olunması üçün proqramlar icra olunmalıdır və onların işləməsi üçün şərait yaradılmalıdır: “Biz özümüz nümunə olmalıyıq. Bu gün Milli Məclisin binasında əlillər üçün pilləkən, lift yoxdur. Biz nədən danışırıq”.

Mürtəza

Gununsesi.info