Millət vəkili ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb - FOTOLAR

  • By admin
  • 05 İyun 2017 13:00

18836717_1184729111639126_6854733101399290723_o

Millət vəkili Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərini ziyarət edib,  sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

Gununsesi.info-nun xəbərinə görə, sakinlərin müraciətləri  ən çox övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.

Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər.

Bundan başqa, təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda, rayonun digər kəndlərini də ziyarət edib, bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

18836898_1184738594971511_2412845481172803627_o

18836975_1184728534972517_4958966575499544029_o

Gülnaz Qənbərli

Gununsesi.info