Millət vəkili: “Təkcə enerjidən, qazdan, neftdən deyil, yükdaşımalardan da böyük gəlir əldə edə bilərik”

  • By admin
  • 02 Sentyabr 2016 14:11
elman nesirov

“NATO təmsilçiləri qeyd edirlər ki, indiki zamanda hansı dövlət böyük enerji resurslarına malikdisə, eyni zamanda, yükdaşıma yollarına nəzarət edə bilirsə, həm də təkcə enerjiyə deyil, nəqliyyat dəhlizlərinə sahiblik edirsə, həmin dövlətlər böyük dövlətlərdir”.

Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Elman Nəsirov  bir müddət öncə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi işinin sürətləndirilməsi ilə bağlı  razılığın əldə olunmasına münasibətini bildirərkən deyib. Bununla bağlı NATO-nun Riqa Sammitini xatırladan miilət vəkili deyib ki, o zaman bu qurumun təmsilçiləri belə bir fikir səsləndirmişdilər ki,  əvvəllər hansı dövlət nüvə silahına malik idisə,  o, fövqəldövlətdir, lakin indi isə düşünürlər ki, bu, elə deyil.

“Onlar demişdilər ki, əgər biz düşünən kimi olsaydı, Sovet İttifaqı dağılmazdı. Çünki keçmiş SSRİ  iki  ən böyük nüvə dövlətlərindən biri idi. NATO təmsilçiləri qeyd edirlər ki, indiki zamanda hansı dövlət böyük enerji resurslarına malikdisə, eyni zamanda, yükdaşıma yollarına nəzarət edə bilirsə, həm də təkcə enerjiyə deyil, nəqliyyat dəhlizlərinə sahiblik edirsə, həmin dövlətlər böyük dövlətlərdir.  Bu baxımdan da, qeyd etmək istəyirəm ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi 7 min 200 kilometrlik bir dəhlizdir. Hindistandan başlayaraq, İran, Fars körfəzi ölkələri, ondan sonra Azərbaycan, Rusiya, Şimal-Qərbi Avropaya qədər gedir. Dövriyəyə buraxılan bu qədər  malın hamısı gəlib Azərbaycandan keçəcək. Deməli, təkcə enerjidən, qazdan, neftdən deyil, yaxın perspektivdə biz yükdaşımalardan çox böyük gəlir əldə edə bilərik. Bütün bunlar dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasətin məntiqi nəticəsdir. Bu siyasət özünü Bakıda keçirilən Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşünün yekununda açıq şəkildə büruzə verdi və yeni tarixi formatın əsasını qoydu”-deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info