“Bu mənim atamın ən sevdiyi və hər zaman anlatdığı öykülərdən biri idi… Bunu bizə bir neçə dəfə danışmışdı. Biz də hər dəfə maraqla dinləmişdik və bir dəfə də olsun atamıza “bunu artıq bizə bir neçə dəfə söyləmisən” deməmişdik. İllər sonra anladıq ki, atam əslində onu bizə anlatdığını unutduğundan yenidən söyləmirmiş… atam bilə-bilə bu öykünü təkrar-təkrar söyləyirmiş. “Təkrar biliyin anasıdır” deyərlər, amma atam bunu təkcə bilməmiz üçün deyil, dərindən anlamamız üçün təkrarlayırmış…”
Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” səhifəsində paylaşdığı sonuncu yazı-statusunda yazıb. Yazı-statusu olduğu kimi təqdim edirik:
“Bir vaxtlar çox (amma çox) zəngin bir tacir varmış. Bu tacir çalışmağın insan həyatı üçün əlçəkilməz bir qaynaq olduğuna inanır və hər kəsə də anlatmağa çalışırmış. İnsanlara yardım etməyi sevən, paylaşmaqdan çəkinməyən birisi imiş. Bu tacirin xaraktercə atasına oxşamayan bir oğlu varmış. Özünü düşünən, əyləncə axtarışında olan, xəsis, kimsəyə maddi-mənəvi yardımı olmayan bir oğul… Ta¬cir oğlunun belə bir həyat sürməsindən çox narahat imiş. Bir gün oğlunu yanına çağırmış və:
“Bax, oğlum, sənin bu halını heç bəyənmirəm. Çalışmırsan, elə hey əylənirsən. Dünya malı ilə maraqlanırsan. Mənim bir ayağım o biri dünyadadır, bir gün mənim yerimə sən keçəcəksən, onun üçün çalışmağı öyrən və bir az da öz adına bir şeylər et ki, səndən sonra da sənin üçün insanlar yaxşı şeylər söyləsinlər. Hər şey pul demək deyildir” – deyir. Oğlu isə: “Aman, ata, niyə çalışım ki? Onsuz da çox zənginsən. Bu pul mənə həyatımın sonuna qədər bəsdir” deyir.
Tacir da bunun ardınca “Yaxşı, oğlum, səndən son bir istəyim var. Mən öldüyümdə, məni çox sevdiyim corablarımla basdırmağını istəyirəm” deyir. Oğlu isə: “Yaxşı, ata, mütləq edəcəm. Bundan asan nə var ki?” deyə cavab verir. Bir gün tacir ölür. Tacirin paltarları çıxarılarkən corablarına növbə gəldiyində oğlu imama dönüb: “Atam corablarını çox sevərdi və ölmədən öncə mənə corabları ilə basdırılmaq istədiyini vəsiyyət etmişdi, onun üçün corabları qalsın” deyir. İmamın bu təklifi qəbul etmədiyini gör-düyündə, atasının vəsiyyəti yerinə yetirilərsə qarşılığında çox pul verəcəyini söyləyir.
Fəqət, buna baxmayaraq yenə də qəbul etdirə bilmir. Bunun üzərinə oğul “Ata, məni əfv et. Əlimdən gələni etdim amma yenə də corablarınla basdırılmağına izn vermirlər” deyir. Nəhayət tacirin corablarını çıxartdıqlarında içindən bir kağız par-çası çıxır. Kağızda bu sözlər yazılırdı: “Oğlum, mən həyatda ikən çox zəngin bir adam idim amma nəyə yarar? – Gördüyün kimi, öldükdən sonra yanımda bir cüt kirli corabı belə götürə bilmirəm. Yanıma sadəcə insanların sevgilərini, sayğılarını və dualarını ala bilirəm.”
***
Oktyabr mənim üçün çox ağır aydı. Atamı bu ayda itirmişdim. Bu gün onunla bağlı bir yazı yazmaq istədim. Bu öykünü xatırladım yenə… Sanki pıçıltı ilə onu yenidən mənə danışırdı: “Unutma, qızım, deyirdi… – Dünyadan köçəndə yanına sadəcə insanların sevgilərini, sayğılarını və dualarını ala biləcəksən, başqa heç bir şey…”
Gerçəkdən də dünyadan köçəndə bundan başqa heç bir şey apara bilməyəcəyik. Keşkə insanların çoxu bunun fərqində ola bilsələr…ozaman insanlıq da, dünyada da daha fərqli olardı…”
Gununsesi.info