“Cəlaloğlu 10 saniyə vaxt itirməklə “Azad Demokratlar Birliyi” adında partiyanın olmadığını aydınlaşdıra bilərdi”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli ADP sədri Sərdar Cəlaloğlunun “heç bir fəaliyyəti olmayan partiyalar sırasında hazırda sədri deputat mandatı daşıyan bir sıra partiyalar da yer alır və əslində onların da qeydiyyatı ləğv edilməlidir. Məsələn, Sabir Hacıyevin, Əli Məsimlinin, Xanhüseyn Kazımlının partiyası var. Amma o partiyaların hansısa fəaliyyəti ortada yoxdur, hansısa qurultay keçirdikləri məlum deyil. Sədrləri deputatdır deyə, o cür partiyaların da qeydiyyatının saxlanması mənasızdır” fikrinə mövqeyini açıqlayarkən deyib.
Millət vəkilinin sözlərinə görə, onların adına rəsmi dövlət qeydiyyatından keçmiş partiya yoxdur deyə, kiminsə onun qeydiyyatdan çıxarılması təşəbbüsündə olması məntiqsiz səsləndiyi qədər də absurddur:
“Çünki bir vaxtlar , bizim “Azad Demokratlar Birliyi” adı altında siyasi qurum yaratmaq fikrimiz olub, amma bu təşəbbüs yalnız Təşkilat Komitəsi yaratmaq səviyyəsində görülən işlərdən ibarət olub. Bu baxımdan, ünvanımıza söylənilənlər,necə deyərlər, “tavandan götürüldüyündən”, ciddiyə almırıq…. Bununla belə cəmiyyətə ötürülən belə dezinformasıyaları dağıtmaq üçün qısaca onu bildirmək istəyirik ki, deyilənlərin əksinə olaraq “Azad Demokratlar Birliyi” -nin adı hazırda qeydiyyatdan keçən 54 patriyanın arasında yoxdur. Olsaydı, onun sədri Milli Məclisdə təmsil olunduğuna ğörə “Siyasi partiyalar haqqında” Qanunun Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılmasını əks etdirən 17-1-ci maddəsinə əsasən dövlətdən maliyyə alan partiyaların arasında olmalı və müvafiq maliyyə vəsaiti almalı idi. Ancaq Milli Məclisdə təmsil olunduğuna ğörə dövlətdən maliyyə alan 12 partiyanın arasında da bizim adımıza partiya yoxdur”.
Millət vəkili əlavə edib ki, ola bilsin, belə fikirlər sadəcə, ADP sədrinin sözügedən məsələ barədə informasiyasının tam olmamasından irəli gəlib.
“Amma bunu dəqiqləşdirmək çox asan bir işdi…. Fikri söyləməzdən əvvəl cəmi 10 saniyə vaxt sərf edərək, Milli Məclisin saytına girib dəqiqləşdirmək olardı ki, mənim adımın qarşısından “hansısa partiyanın sədridir” sözləri yazıb ya yox?.. Saytda adım heç bir partiya mənsubiyyəti olmayanlar sırasındadır. Amma bizdə təsadüfən heç nə olmadığı da bir faktdır…. Ona görə də biz belə yanaşmalardan təəccüblənməyi yadırğamışıq deyə, sadəcə onu deməklə kifayətlənirik ki, olmayan şeyi səsləndirmək birmənalı şəkildə Sərdar Cəlaloğlunun marağında ola bilməz”- deyə, o, vurğulayıb.
Ə.Məsimli deyib ki, S. Cəlaloğlu uzağı bir- iki günlük effekti ola biləcək belə primitiv üsula getməz:
“Ona görə də hər ehtimala qarşı, əgər bu yanlışlıq həmin fikirləri səsləndirən şəxsdən başqa, daha kiminsə dolayısı ilə cəmiyyətə dezinformasiya ötürmək istəyindən qaynaqlanıbsa, belə absurd şeylərlə məşğul olmaq həmin məchul şəxsin öz problemidir…Biz indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətinin və xalqın maraqlarını əsas tutmaqla məhz özümüz istədiyimiz formatda cəmiyyəti qane edən tərzdə məqsədyönlü, düzxətli və bərabərsürətli hərəkətimizi davam etdirəcəyik”.
Mürtəza
Gununsesi.info