Millət vəkilindən akademikə doğum günü yazısı - KAMAL ABDULLANIN ADININ ÇƏKİLDİYİ HƏR YERDƏ...

  • By admin
  • 05 Dekabr 2023 11:18

İnsanı başa düşmək üçün onun bioqrafiyasını, üz-üzə gəldiyi müxtəlif durumlarda həyatında baş verən dəyişiklikləri izləmək lazımdır. Böyük ispan filosofu Orteqa Qassetə görə, bizim doğulduğumuz və yaşadığımız sosial dünya bioqrafiyamız üçün həlledici məqamdır: “Bu dünya təkcə insanlardan deyil, bir qədər dumanlı şəkildə ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu adlanan adətlərdən, zövqlərdən, üstün tutduğumuz dəyərlərdən, ənənələrdən, inanc sistemindən, standartlardan ibarətdir. Bütün bunlar insana uşaq yaşlarında ailə, məktəb, sosial əhatə, həmçinin kitablar və qanunlar vasitəsilə aşılanır”.

Kamal Abdulla – bu şəxsin adının çəkildiyi hər yerdə səmimiyyət, elm, yaradıcılıq, qarşılıqlı anlaşma təsəvvür olunur. İstedadlı şəxsləri dəyərləndirmək və onlara qayğı göstərmək Kamal müəllimin iş prinsipidir.

Kamal Abdulla Slavyan Universiteti və Dillər Universitetinin rektoru vəzifəsində çalışdığı illərdə bu ali məktəblərdə yaxşı təhsil mühiti yarada bildi. Buna intellektual mühit demək daha doğru olar. Gənclərin elmə və təhsilə cəlb olunması həmişə işi sürətləndirir. Təbii ki, yaradıcılığa istək oyatmaqla. Azərbaycanda bəlkə də ilk dəfə ali təhsil sistemində üfüqi idarəetməni K. Abdulla tətbiq edib. Kamal müəllim ali təhsilimizin tarixində yenilikçi, demokratik və praqmatik rektordur.

Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən onun Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin etməsi mühüm hadisə kimi qiymətləndirildi. Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər müasir dövlətlərin gündəlik qarşılaşdığı problemlərdir.

Məşhur alman filosofu Y.Habermas əsasında şəxsiyyətlərin qarşılıqlı hörməti və tolerantlıq əlaqələri dayanan universal kommunikativ icmalar nəzəriyyəsini işləmişdir. Burada manipulyasiya birmənalı şəkildə istisna olunur. Bizdə də indi intellektuallar və din xadimləri icmalarının kommunikasiyası yaradılıb. Bu, əvəzsiz bir nümunədir və burada Kamal Abdullanın rolu əvəzsizdir.

Böyük ingilis yazıçısı və fiziki Çarlz Persi Snounun “İki mədəniyyət və elmi inqilablar” adlı maraqlı bir əsəri var. Snouya görə bir qütbdə bədii yaradıcılıqla məşğul olan ziyalılar, digər qütbdə isə təbiət elmlərinin nümayəndələri dayanır. Anlaşılmazlıq (bir-birini anlamamaq) divarı onları bir-birindən ayırır. Onların bir-birinə amansız münasibəti mövcuddur. Onlar hər hansı bir məsələyə o qədər fərqli münasibət bəsləyirlər ki, hətta emosional planda da bir-biriləri ilə dil tapa bilmirlər. Tarixən belə olub, qütblərdən hansının nümayəndəsi güclü olubsa, onlar söz sahibi olublar. Ancaq ən yaxşısı qarşılıqlı anlaşmadır. Vacib nümunə: Akademik Kamal Abdulla AMEA-nın müxbir üzvü Rafiq Əliyev birgə “Kitabı Dədə Qorqud və qeyri-səlis məntiq” kitabını yazdı. Kamal Abdullayev bu möhtəşəm paradiqmanı bir cümlə ilə belə izah edib: “Mən elə güman edirəm ki, qeyri-səlis məntiq əvvəl-axır humanitar istiqamətə yönələcəkdisə, onun “Kitabi-Dədə Qorqud” dastanında olmağı son dərəcə qürurverici və ədəbiyyatımız, elmimiz üçün mühüm bir şərtdir.”

Kamal Abdullanın intellektual bioqrafiyasında onun yaradıcılığı mühüm rol oynayır. Onun “Yarımçıq əlyazma” romanını tənqidçilər “postmodernizmin ən parlaq nümunəsi” sayırlar, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar.

Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Kamal Abdullanın “Unutmağa kimsə yox…” əsəri başqa bir şedevrdir.

Ümumiyyətlə, “kimsə yoxdur?” ifadəsi kədərlə bərabər, axtarışı, canlanmağı oyadır insanın ruhunda. Həmçinin canlı bir orqan kimi mövcud olan toplumlarda da… Axı biz çox vaxt deyirik: filan sahədə dünya tanınmışları arasında bizimkilərdən kimsə yoxdur. Elm, sənət, yaxud sadəcə idman arenası olsun, bütün sahələrdə yüksək göstəriciləri ifadə edən fəxri siyahılar olsun, biz hökmən sual edirik: kimsə yoxdurmu? Adamlar içində adam, adlar içində ad axtarırıq. Bizimkini axtarırıq. Bu, bütün dünyada belədir, tək bizə aid olan hiss və yaşantı deyil. Bütün xalqlarda belədir. Adların qarşısında təmsil etdiyi ölkəni yazmaq boşuna deyil.

Çaylara çaylar qarışdığı kimi, bu problemə də başqası qarışır. Məsələ ondadır ki, bəzən yaxındakını görmək çətin olur, bəzən özümüzdəkini görmək asan olmur. Bütün dünyada qiymətli əsərlərin milli sərhədləri aşıb, bəşəri miqyasa çıxması çətin olur. Bizdə də belədir. Həm kimisə axtarırıq, həm də kimlərisə görməyə çətinlik çəkirik. Azərbaycanda bir çox sənət adamı kimi, Kamal Abdulla da bu taleyi yaşayır: onları görmək asan olmur. Amma bu ağır sindromu qırmaq üçün Kamal Abdulla ən şanslı müəlliflərdən də biridir. Həm özü üçün, həm də bizim üçün. Bizim adlar içində ad tapmağımız üçün.

Bu yerdə onu deməliyik ki, artıq akademik Kamal Abdullanın adı ədəbiyyat üzrə Nobel mükafatına namizədlər sırasında çəkilir. Dünya onu böyük yazıçı kimi qəbul edir. Kamal müəllimin əsərlərində Alfred Nobelin ədəbiyyat sahəsində qoyduğu əsas şərtə, “ideal yönümə” çox böyük üstünlük verilir. Bu onun yazıçılıq istedadının məhsuludur.

Ona görə də Kamal Abdullanın adı bizə adlar içində kimisə tapmağa, kimisə yada salmağa, kimisə xatırlatmağa şans verir.

 

 

Etibar ƏLİYEV, millət vəkili