Millət vəkilləri İranda baş verənləri dəyərləndirdi - İNSAN HÜQUQ VƏ AZADLIQLARI KOBUD SURƏTDƏ POZULUR

  • By admin
  • 03 Yanvar 2018 15:30

2017-ci ilin dekabrından etibarən İranın ikinci şəhəri olan Məşhəddəki sosial-iqtisadi vəziyyətlə bağlı başlanan etiraz aksiyaları qısa zamanda ölkəni cənginə alıb. Hazırda İranın müxtəlif əyalətlərində etiraz aksiyaları keçirilməkdədir. Hakimiyyət nümayəndələri özləri də ölkədə sosial-iqtisadi sahədə problemlərin olduğunu dilə gətiriblər.

Məhz elə bu səbəbdən də qonşu İranda baş verən hadisələrlə bağlı Azərbaycan Milli Məclisinin üzvlərinin mövqeyini öyrənməyə çalışdıq.

Deputat Asim Mollazadə Gununsesi.info-ya açıqlamasında deyib ki, İranda baş verən hadisələri sadəcə sosial-iqtisadi problemlər kimi dəyərləndirmək düz deyil: “Ölkə daxilində insan hüquq və azadlıqları kobud surətdə pozulur. Bundan əlavə, rejim nəinki öz xalqının hüquq və azadlıqlarını pozur, eyni zamanda dünyanın bir sıra ölkələrində ideoloji iddialarla çıxış edən çox təhlükəli təşkilatları maliyyələşdirir. Bununla yanaşı, ölkədə ciddi sosial-iqtisadi vəziyyət ağırlaşdığından xalq buna etiraz edir”.

Millət vəkili əlavə edib ki, baş verən hadisələrin zorakılıqla müşahidə olunmasını arzulamır: “İstərdik ki, hadisələr zorakılıq baş vermədən həllini tapsın. Artıq 20-dən artıq qurban var. Biz proseslərin danışıqlar yolu ilə həll edilməsini arzulayırıq. İstəməzdik ki, proseslər repressiyalarla davam etsin”.

Deputat Rasim Musabəyov isə hesab edir ki, İranda baş verənləri uzaqdan dəyləndirmək çətindir: “Çünki vaxtaşırı İranda belə etirazlar olur və xalq öz etirazını ifadə edir. Ona görə də proseslərin inqilabadək gedib çıxacaq, yoxsa etirazlar danışıqlar, güzəştlər və yaxud güc yolu ilə otuzdurulacaq, bunu demək çətindir. Yəni Bakıdan İranda baş verənləri dəyərləndirmək çətindir”.

O əlavə edib ki, Azərbaycanla sərhəddə Suriyada, Liviyadakı kimi hadisələrin yaşanmasını arzulamır.

Mürtəza

Gununsesi.info