Millət vəkilləri nümayəndəlik institutunun ləğvinə ETİRAZ EDİRLƏR

  • By admin
  • 31 Oktyabr 2017 14:52

Millət vəkili nümayəndəlik institutunun qısa zamanda ləğvini məqsədəuyğun hal hesab etmir.

Gununsesi.info xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanuna dəyişiklik edilərək nümayəndəlik institutunun ləğv edilməsi ciddi problemlərə yol açacaq: “İlk olaraq ona görə ki, Azərbaycanda hər yüz min nəfərə düşən vəkil və hakimlərin sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Əgər Azərbaycanda yüz min insana 9 vəkil düşürsə, Ermənistanda 45, Gürcüstanda isə 50-dən artıqdır. Bu gün Azərbaycanda 500-dək vəkil, 900-dən artıq isə hakim fəaliyyət göstərir. Bu da həddən artıq azdır. Təsəvvür edin vəkillərin də mütləq əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərir”.

Z.Oruc əlavə edib ki, nümayəndəlik institutunun ləğvi eyni zamanda, insan haqları ilə bağlı beynəlxalq konvensiyaya ziddir: ”Hansı ki, biz bu konvensiyanı ratifikasiya etmişik. Və hələ də bu konvensiyanın müddəaları Azərbaycanda qüvvədədir”.

Z.Oruc adıçəkilən qanun dəyişikliyinin əleyhinə səsə verəcəyini bildirdi.

Deputat Fazil Mustafa da nümayəndəlik institutunun ləövinin əleyhinə səsə verəcəyini deyərək bildirib ki, qanuna dəyişikliyin əsas mahiyyəti məhəkəmə və vəkillik institutunda islahatların başlanğıcı kimi qəbul edirəm: “Amma bununla belə təklif edirəm ki, heç olmasa Qazaxıstandakı kimi nümayəndəlik institutu müəyyən müddət qalsın, ancaq bunların mütləq hüquqşünaslar olmasını təklif edirəm”.

F.Mustafa onu da təklif edib ki, qanuna dəyişikliyi 6 ay müddətinə təxirə salaq və bu müddət ərzində ölkədə vəkilllərin sayını müəyyən normaya qaldıraq: “Heç olmasa vəkillərin sayını hər yüz min nəfərə 20 nəfər olmasını təşkil edək və ondan sonra qanunu yenidən gündəmə gətrib, dəyişikliyə baxaq. Odur ki, bu qanun artıq cəmiyyətdə, hüquqşünaslar arasında da ciddi narazılığa səbəb olub. Ona görə də qanunun müzakirəsinin təxirə salınmasını təklif edirəm”.

Mürtəza

Gununsesi.info