Millət İttifaqının proqram sənədində Rusiya ilə münasibətlərdə soyuqluq yarada biləcək məqamlar var

  • By admin
  • 30 Yanvar 2023 23:14

Millət İttifaqının proqram sənədində Rusiya ilə münasibətlərdə soyuqluq yarada biləcək məqamlar var.

 

Məsələn, Akkuyu Atom Elektrik Stansiyası layihəsinin mövcud durumunun, müqavilənin detallarının, müqavilədən kənar ruslara verilmiş bəzi hüquqların və ya götürülmüş öhdəliklərin araşdırılacağı bildirilir.

 

Türkiyə müxalifəti Akkuyu AES layihəsinin ölkə maraqlarına zidd olduğunu düşünür, hətta bu müqaviləni kapitulyasiya aktına bənzədənlər də var. “Müqavilədən kənar verilmiş hüquqlar” deyiləndə yəqin ki, AES ərazisində Rusiyanın radar stansiyası qurması nəzərdə tutulur. Bu məsələyə “Akkuyu Nuklear AŞ”nin İdarə Heyətinin Türkiyədən olan yeganə üzvü, AKP qurucularından olan Cüneyd Zapsu da etiraz edərək Mersində – Aralıq dənizi sahilində Rusiyanın radar sistemi qurmasının Türkiyənin milli təhlükəsizliyi baxımından problem yarada biləcəyini vurğulayıb.

 

Müxalifətin Ümumi Siyasət üzrə Anlaşma Mətnində Türkiyənin təbii qaz idxalında bəzi ölkə və şirkətlərdən asılılığı probleminə də toxunulub. Qeyd olunur ki, asılılığı azaltmaq və qiymətləri aşağı salmaq üçün yeni mənbələrlə anlaşmalar imzalanacaq və yüksək qiymətlərin əks olunduğu mövcud müqavilələrə yenidən baxılacaq. Aydındır ki, burada da daha çox Rusiya dövləti və “Qazprom” nəzərdə tutulur.

 

Mövcud hökumət “yerlilik və millilik” hekayəsi anlatmağı sevsə də, əməldə buna uyğun hərəkət etmir. Türkiyənin Rusiyadan enerji asılılığı var və bu ölkədən baha qiymətə qaz alır. Üstəlik, Akkuyu AES kifayət etmirmiş kimi, prezident Ərdoğan Sinopda həyata keçiriləcək AES layihəsini də Rusiyaya verəcəyini açıqlayıb. (Tək adam rejiminin fəsadları: dedi və bitdi…) Putin də öz növbəsində Ərdoğanın seçki kampaniyasına dəstək məqsədilə BOTAŞ-ın 20 milyard dollarlıq qaz borcunu təxirə salıb. (“Dış güc”ün seçkiyə müdaxiləsi.) Bu isə hökumətə imkan verib ki, əhali üçün qazın qiymətini artırmasın, hətta aşağı salsın.

 

Müxalifətin daha bir vədi TBMM-də Korrupsiyanın Araşdırılması üzrə Komissiya yaradılması ilə bağlıdır. Bu komissiya AKP iqtidarı dövründəki korrupsiya hallarını araşdıracaq. Başqa bir vəd isə AKP dövründə ölkədən çıxarılmış böyük pulların geri gətirilməsidir. Amma bu iki problem (20 illik korrupsiya və oğurlanan milyardlar) o qədər mürəkkəb məsələdir ki, müxalifət parlament çoxluğunu ələ keçirərsə onun 5 illik kadensiyasının bu problemlərin araşdırılması və müsbət həlli üçün yetərli olacağına şübhəm var.

Şahin Cəfərli

Ekspert