Millətlər Liqası: Azərbaycan yığmasının potensial rəqibləri üz-üzə gəlir

  • By admin
  • 24 Mart 2022 09:42

Bu gün UEFA Millətlər Liqasında pley-off oyunları keçiriləcək.

Gununsesi.info xəbər verir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparacaqlar.

Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçlarda Estoniya millisi Kipri, Moldova yığması isə Qazaxıstanı qəbul edəcək. Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.

Bu görüşlər həmçinin Millətlər Liqasında cari mövsümün qruplarının tərkibinin dəqiqləşməsi baxımından da önəm daşıyır. Moldova – Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.

Estoniya – Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası, pley-off

İlk oyunlar

24 mart

21:00. Moldova – Qazaxıstan

21:00. Estoniya – Kipr

Gununsesi.info