Millət vəkilindən cərimə balları və yollardakı xətlənmələrə etiraz

  • By Admin2
  • 05 İyun 2026 11:46

Mili Məclisin iclasında çıxış edən deputat Naqif Həmzəyev şəhərdaxili və bölgələrarası marşrutlarda fəaliyyət göstərən sürücülərin qarşılaşdığı çətinlikləri diqqətə çatdırıb.

Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, peşəsi sürücü olan şəxslər avtomobil yollarında adi sürücülərə nisbətən 5–8 dəfə daha çox vaxt keçirir və xüsusilə taksi sürücülüyü ölkədə aşağı və orta gəlirli əhali üçün əsas dolanışıq mənbəyidir.

“Statistikaya görə, fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir. Bu səbəbdən sürücülük hüququnun itirilməsi yalnız fərdi problem deyil, eyni zamanda ailənin maddi vəziyyətinə ciddi təsir göstərir”, – deyə o qeyd edib.

Naqif Həmzəyev sürücülərin qarşılaşdığı əsas problemləri aşağıdakı kimi qeyd edib:

1)Uzun sürücülük saatları nəticəsində kiçik texniki pozuntular üçün toplanan ballar sürətlə 20-ballıq həddə çatır.

2)Hüquqdan məhrumetmə müddətində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir.

3)İşəgötürən şirkətlər hüququnu itirmiş sürücüləri işdən çıxarmağa məcbur olur.

4)Qısamüddətli hüquq itkisi bəzən uzunmüddətli işsizlik, kredit borcları və ailə böhranına səbəb olur.

Deputat bildirib ki, 20 ballıq hədd peşə sürücüləri üçün ədalətsizdir, çünki hüququ itirən taksi sürücüsü həm peşəsini, həm gəlirini, həm də ailəsinin maddi rifahını itirir.

Problemin həlli üçün Naqif Həmzəyev bir sıra təkliflər irəli sürüb:

1)Hüquqdan məhrumetmə həddinin 20 ballıq limitdən 40–50 bal arasında artırılması və ya yalnız ciddi pozuntular zamanı bal kəsilməsinin tətbiqi.

2)İlk dəfə yüngül qayda pozuntularında yalnız cərimə tətbiqi.

Deputat eyni zamanda vurğulayıb ki, yol hərəkəti qaydalarının ədalətli tətbiqi üçün açıq, görünən və standartlaşdırılmış nişanlama sisteminin mövcud olması vacibdir.

Bu çərçivədə isə aşağıdakı tədbirlər tövsiyə olunubş Məsələn, Gəncə və digər şəhərlərdə yolların xətləmə işlərinin keyfiyyətinin artırılması, hasarlanan, silinən və görünməz nişanların inventarizasiyası və vaxtında yenilənməsinə nəzarətin gücləndirilməsi, infrastruktur tam olmayan yollarda kamera vasitəsilə cərimələrin müvəqqəti dayandırılması, sürücülərin nişanlama çatışmazlığını asanlıqla bildirə biləcəyi şikayət mexanizminin yaradılması.

Naqif Həmzəyev çıxışını sürücülərin hüquqlarının qorunmasının vacibliyini vurğulayaraq yekunlaşdırıb.

Elmar

Gununsesi.info