Mayın 29-30-da Avstriyanın Fillax şəhərində ATƏT Parlament Assambleyası (PA) ilə Avstriya Parlamentinin “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda birgə təşkil etdiyi konfrans keçirilir.
Gununsesi.info-nun xəbərinə görə, konfransın ilk günü Milli Məclisin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edib.
A.Quliyev bildirib ki, milli azlıqların hüquqlarına hörmət və onların təşviqi bütün görüşlərdə ATƏT PA-nın gündəliyində durur:
“Münaqişələrin qarşısını almaq və qarşılıqlı anlaşmanın genişləndirməkdə ATƏT-in əsas məqsədi hərbi və bəşəri aspektləri əhatə edərək təhlükəsizliyə hərtərəfli yanaşmaqdır. ATƏT və onun institutları fəaliyyətində demokratiya, insan hüquqları və qanunun aliliyi kimi ümumi dəyərlərə söykənir və iştirakçı dövlətlərin öz üzərinə götürdüyü siyasi öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini göstərib”.
ATƏT PA-nın vitse-prezidenti parlamentarilərin milli azlıqlar üçün adekvat və dəstəkləyici şərait yaratmağa kömək edə biləcək beş mühüm sahədən bəhs edib. İlk növbədə, qeyd edilib ki, milli azlıqların cəmiyyətə inteqrasiyası, həmçinin onların uşaqlarının təhsil prosesinə cəlb olunması istənilən ölkədə dinamik cəmiyyətin yaradılması üçün həyati əhəmiyyət daşıyır:
“Təəssüf ki, bir çox beynəlxalq və milli QHT-lərin mütəmadi hesabatlarından da göründüyü kimi, milli azlıqların inteqrasiyası və tam təhsilə cəlb olunması məsələsi hələ də bəzi ATƏT-in iştirakçı dövlətlərində öz həllini gözləyir. Lazımi ölkələrdə vəziyyəti inkişaf etdirmək üçün heç bir səyin olmamasına baxmayaraq, biz parlamentarilər olaraq bu məsələni qanunvericilik səviyyəsinə qaldırmalıyıq.”
Digər bir mühüm məsələ kimi ATƏT PA-nın vitse-prezidenti milli azlıqların milli, regional və yerli idarəçilikdə iştirakını təmin etmək üçün siyasi tədbirlərin təşkil olunmasının mühümlüyünü vurğulayaraq deyib ki, bu tədbirlər milli azlıqların sülhpərvər cəmiyyətlər üçün təhlükəli qəbul edilməsi kimi baxışların aradan qalxmasına köməklik edəcək.
A. Quliyev onu da bildirib ki, milli azlıq və etnik qrupların kimliyinin və mədəniyyətinin qorunmasının əsas elementlərindən biri onların mədəni birgəyaşayışı üçün maddi dəstək də daxil olmaqla, dövlətin xüsusi dəstəyinin göstərilməsidir. Hökumətlər razılaşdırılan beynəlxalq öhdəliklərə tam olaraq əməl etməlidirlər və bu məqsədə nail olmaq üçün müəyyən kvota tətbiq etməlidirlər.
Digər bir mühüm məsələyə – maraqlı tərəflər arasında sıx əməkdaşlıq və ən yaxşı təcrübələrin öyrənilməsi məsələsinə toxunan A. Quliyev qeyd edib:
“Biz, parlamentarilər olaraq milli azlıqların hüquqlarını dəstəkləyən və təşviq edilməsi sahəsində ixtisaslaşmış QHT və Vətəndaş Cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlarla yaxından işləməyimiz və əməkdaşlıq etməyimiz çox mühümdür. Biz, həmçinin iştirakçı dövlətlər arasında ən yaxşı təcrübələri və bundan əldə edilmiş nəticələri bölüşməliyik. Biz qarşılıqlı olaraq faydalana biləcəyimiz böyük təcrübə və bilik əldə etmişik. Düşünürəm ki, bir-birinin təcrübəsinin öyrənilməsi üçün parlamentarilərin səfərlərini təşkil etmək vacibdir”.
ATƏT PA-nın vitse-prezidenti çıxışında, həmçinin müxtəlif cəmiyyətlərdə yuxarıda qeyd olunan mühiti yaratmaq və genişləndirmək üçün irqçilik, ksenefobiya, dözümsüzlük və nifrət cinayətlərinə qarşı effektiv bir şəkildə mübarizə aparılmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd edilib ki, son beş ildə vəziyyət daha da pisləşməyə doğru gedib, nifrət cinayətləri və qanun pozuntularının sayı ATƏT-ə üzv olan bəzi ölkələrdə artıb. Bundan başqa, müəyyən məşhur QHT-lər öz narahatlıqlarını ifadə ediblər ki, bu cinayətləri törətmiş insanlar cəzadan kənarda qalır və məhkəməyə cəlb olunmurlar. Bu, bütövlükdə qəbuledilməzdir. Bu tendensiyanı dayandırmaq və azlıqların hüquqlarını qorumaq üçün təcili addımlar atılmalıdır.
Sonda ATƏT PA-nın vitse-prezidenti A. Quliyev aparılan müzakirələrin, səsləndirilən fikirlərin milli azlıqlara qarşı olan münasibətin müsbətə doğru dəyişəcəyinə təkan verəcəyini və bu məsələdə ATƏT PA çərçivəsində bütün tərəfdaşlarımızla ən yaxşı təcrübələrimizi bölüşməyə hazır olduğumuzu bildirib.
KAMİL
Gununsesi.info