Gununsesi.org xəbər verir ki, fərman ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin TƏBİB tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb.
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası, Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.
Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Mərkəzin yenidən təşkili və ləğv edilməsi;
Mərkəzin idarəetmə orqanlarının yaradılması;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:
Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
TƏBİB-ə:
bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
TƏBİB Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq edəcək. Hənçinin TƏBİB Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət edəcək.
Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirəcəklər.