

Milli Məclis “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edir.
Gununsesi.info xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Müdafiə, təhlükəsizlik , korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, sənədin birinci oxunuşunda millət vəkilləri bir sıra təklif və tövsiyyələrlə çıxış edib.
“Səslənən təkliflərin bir qismi nəzərə alaraq qanun layihəsində öz əksini tapıb”- deyə, Z. Əsgərov vurğulayıb.
Qeyd edək ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Onu da qeyd edək ki, hazırda qüvvədə olan “Hərbi vəziyyət haqqında” (5 fəsil, 17 maddə) qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir. Layihədə göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Bu müddətin 48 saata endirilməsi təklif olunur.
Müzakirələrdən sonra “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirə edilərək, səsvermə yolu ilə qəbul olunub.
Mürtəza
Gununsesi.info