
Milli Məclisdə 14 iyulun xüsusi rəsmi gün kimi qeyd olunması təklif edilib.
Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Bəhruz Məhərrəmov çıxış edib.
“Təklif edirəm ki, 14 iyulun tariximizdə müstəsna rolunu nəzərə alaraq xüsusi rəsmi gün kimi qeyd olunması məsələsinə baxaq. 14 iyul dövlətçilik tariximizdə çox önəmli bir gün, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi təqvimdir. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cumhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi. Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Öncə Bakıda qaldırılmalı olan 3 rəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Budur müstəqillik yolu, budur dirçəliş”, – deyə deputat çıxışında vurğulayıb.
Gununsesi.info