Milli Məclisdə büdcə zərfinin ikinci oxunuşda müzakirələri – BAŞLADI

  • By admin
  • 25 Noyabr 2019 14:04

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Gununsesi.org-un xəbərinə görə, plenar iclasda bir neçə qanun layihəsi ilə yanaşı 2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirələrə çıxarılıb.

Bunlar “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.

Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək.

Həmçinin, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.

2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun (ÜDM) 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan  (DNF) dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.

2020-ci il dövlət büdcəsinin xərcləri ÜDM-in 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

İclası spiker Oqtay Əsədov açıb.

Gununsesi.org