Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub.
Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması üçün ardıcıl addımlar atılır və dövlət başçısının 7 noyabr 2023-cü il tarixli Fərmanı ilə növbəti artım olaraq, 2024-cü ilin əvvəlindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq.
“Yeni qanun layihələri qəbul olunduğu halda hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə, eyni zamanda, onların yekunda daha çox pensiya almasına imkan yaradacaq. Beləliklə, bir sıra qanunlarda (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda) nəzərdə tutulan dəyişikliklərin hər biri həm Ordumuzun, ölkəmizin müdafiə qabiliyyətinin, həm də hərbi qulluqçuların sosial təminatının daha da gücləndirilməsi hədəflərinə xidmət edir”, – deyə komitə sədri əlavə edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev isə qeyd edib ki, dünyanın hər yerində ordu elitar təbəqə sayılır, bu, bizdə də belədir.
“Qalib ordunun zabitlərinin sosial hüquqlarının bu formada məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin təqdim olunması mənim üçün anlaşılmaz oldu. Dünyada 35 yaşdan yuxarı peşəkar idmançı göstərin. Bu, təsadüf nəticəsində var. Çünki insan yaşlandıqca çevikliyi azalır. Biz Şuşa azad olunanda onların necə çətin şəraitdə xidmət etdiyini gördük. Bu layihəni təqdim edənlər demir ki, biz onların xidmətini artırmaqla onların mənzil almaq hüququnu da məhdudlaşdırırıq. Çünki hərbçilər 20 il xidmətdən sonra mənzil sahibi ola bilirdi. İndi bu hüquq da saxlanmadan onların xidməti 25 ilə qaldırılır. Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır. Yeni layihə hərbçilər arasında da yaxşı qarşılanmır. Bu məsələ gündəmdən çıxarılmalıdır. İnsanlar 20 ilə qədər xidmət etmək üçün müqavilə bağlayırdı, sonda isə mənzil əldə etmək hüququ əldə edirdilər. İndiyədək müqaviləni imzalamış şəxslərin bu hüququ saxlanılmalıdır. Azərbaycanda artıq peşəkar orduya keçməyin vaxtı çatıb”.
Qeyd edək ki, hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə qeyd edilib ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Gununsesi.info