Milli Məclisin (MM) Gənclər və idman komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.
Gununsesi.info xəbər verir ki, görüşdə komitənin sədri Fuad Muradov və sədr müavini Ülvi Quliyev Azərbaycanda idmanın inkişafından və dövlət idman siyasətinin uğurlarından danışıblar. Qeyd edilib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr və mötəbər idman turnirlərinin ölkəmizdə yüksək səviyyədə təşkili sayəsində mümkün olub.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı böyük uğurlarla nəticələnir. Son illər ölkəmizdə idmanın digər növləri ilə yanaşı, şahmat da sürətlə inkişaf edir. Ötən il şahmat üzrə Dünya Kuboku yarışının, bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir.
Söhbət zamanı, həmçinin Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlıq, ölkəmizdə şahmatın inkişafı və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Gununsesi.info