Milli Məclisdə soyqırım cinayəti ilə bağlı qanun layihəsinin təqdimatı keçirilir

  • By admin
  • 10 Fevral 2017 11:38
meclis
Bu gün Milli Məclis, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində  hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat  mərasimi  keçirilib.
Gununsesi.info xəbər verir ki,  tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və başqaları iştirak edir.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, Ermənitanın Azərbaycana qarşı siyasəti bəllidir:  “Ermənistan təkcə son 25 ildə deyil, yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib, zaman-zaman bir ərazilərimizi itirmişik, vətəndaşlarımız qırğınlara məruz qalıb, mədəniyyət abidələrimiz darmadağın edilib”.
B.Muradova bildirib ki, Azərbaycan beynəlxalq aləmi məsələ ilə bağlı düzgün məlumatlandırmaq, Azərbaycana qarşı törədilən cinayətlərə hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması barədə işlər aparıb: “Ancaq təəssüflər olsun ki, bu gün ərazilərimizin bir hissəsi erməni işğal altındadır, insanlarımız öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar.O zamankı Azərbaycan hökuməti dünya ictimaiyyətini vaxtında bu cinayətlərin mahiyyəti barədə məlumatlandırmayıblar. Bu hadisələrə dünya səviyyəsində ilkin münasibət yalnız ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb. Lakin cinayətkarlar bəlli olsa da, onlar qonşu ölkələrdə rəhbərlikdə və digər vəzifələrdədirlər və cinayətdən yayınırlar”.
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq lazımdır: “Heydər Əliyev bu məsələdə mühüm işlər görüb. Ermənilər hələ də cinayət məsuliyyətindən yayınırlar. 10 ölkə Xocalı soyqırımını tanıyıb, ABŞ-ın bir neçə ştatı müvafiq qərarlar çıxarıb. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı qətnamə qəbul edib. Amma bu qətnamənin tələblərinə əməl etmirlər”.
B.Muradova qeyd edib ki, Ermənilərin Azərbaycana etdikləri ilə bağlı obyektiv münasibət olsaydı, bu məsələ həllini tapmış olardı: “Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir. Hazırda “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hazırlanıb”.
Müzakirələr davam edir.
Mürtəza
Gununsesi.info