Milli Məclisin İnsan hüquqları Komitəsi Avropa Şurasının Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, iyunun 20-də Venesiya Komissiyasının açıqladığı rəydə Azərbaycanda ifadə azadlığı, insan haqlarına dair Avropa konvensiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hüquqi qadağalar, azad mətbuat əleyhinə gizli və dolayı normaların mövcudluğundan ehtiyatlanma kimi müddəalar yer alıb.
Milli Məclisin Komitəsindən həmin rəyə belə cavab verilib: “Komissiyanın konkret olaraq, “Media haqqında” qanunla bağlı rəy hazırlayan üzvləri ilə əlaqədar əhatəli məlumat təfərrüatı ilə bəllidir. Hazırda Komissiyanın tövsiyələri ölkə mediası və ictimaiyyət arasında müzakirə edilir. Təbii olaraq, Qanunun mahiyyəti ilə tanış olan və olmayan hər kəs münasibətini bildirir. Komissiyanın rəyini verdikt, yaxud sensasiya kimi təqdim etmək, reallığı deyil, subyektiv mülahizələri fürsət bilənlərin səyləri göz önündədir. Rəsmi açıqlamaya gəldikdə, AR Medianın İnkişafı Agentliyi öz mövqeyini VK-ya təqdim edib.
Komissiyanın əsas iradları nədir? Onlardan bəzilərinə toxunaq.
VK-nın rəyində sitat: “qanunun mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan verməməsi” ilə bağlı fikri təəccüb və təəssüf doğurur. Nəinki medianın, hər bir vətəndaşımızın ictimai nəzarətçi olması çağırışı-dövlətimizin ali hüquqi, siyasi iradəsidir və dəfələrlə bəyan edilib. Media Reyestrinə daxil edilməyin jurnalistlər üçün könüllü olması, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün Agentliyə ərizə ilə müraciətə dair hər hansı müddəanın olmaması, qanunun 15.2-ci maddəsinin məzmununu qiymətləndirmədən 15.3-cü maddəsini şərh edilərkən redaktor və ya jurnalistin öz informasiya mənbəyini açıqlaması normasının ağır və xüsusilə ağır cinayətlərin qarşısının alınmasına aid olduğu, o da yalnız məhkəmə qərarı ilə mənbənin açıqlana bilməsi, digər hallarda jurnalistin informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməzliyinin qanunda aydın göstərilməsi, jurnalist vəsiqəsi və akkreditasiyası anlayışlarının eyniləşdirilməsinin yanlış olması, media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsinin qətiyyən istisna edilmədiyi, lakin onun dəqiq kvotalar əsasında həyata keçirilməsi və digər məqamlar Komissiyanının rəyində irəli sürülən iradlara cavabdır.
Kontekstən çıxarılaraq şərh edilən 26-cı maddə, “çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından, qurumlarından icazə tələb olunmasına dair iddia layihə hələ müzakirə mərhələsində olarkən Komissiyaya ayrıca izahatda dəqiq hüquqi şərhi verilmişdi, internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmadığı halda bu qadağaların ləğvinə çağırılması da eyni qəbildən olan nonsensdir. Qanunun sosial medianı, youtube kanallarını, bloqosfer və digər platformaları tənzimləmədəyi dəfələrlə izah olunmuşdur.
Rəydə ifadə azadlığı, insan haqlarına dair Avropa konvensiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hər hansı hüquqi qadağalar, “azad mətbuat” əleyhinə gizli və dolayı normaların mövcudluğundan ehtiyatlanmanın da heç bir əsası yoxdur. Mövcud rəqəmsal gerçəklikdə əslində zəif mətbuat milli informasiya məkanının zəbt edilməsinə səbəb olur. Lakin beynəlxalq və milli qanunvericilik informasiya amilinin geosiyasi silaha, dezinformasiyanın “kütləvi qırğın silahına” çevrildiyi bir şəraitdə hər gün çağırışlarla, yeni qanunların qəbulu ilə səciyyələnir.
Misal üçün, VK -nın ideal tövsiyəçi olduğu halda, Komissiya bir neçə il əvvəl Ukraynanın “Dezinformasiya ilə mübarizə haqda”, “Təhsil haqda”, “Dekommunizasiya” qanunlarını kəskin tənqid etmişdi. Üstəlik, Ukrayna Radasında Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi. Amma indi Avropa və Qərb özü dezinformasiya ilə bağlı məlum digər dövlətin bütün rəsmi informasiya mənbələrini qadağan edib.
Digər bir misal: Komissiya rəy hazırladığı bu günlərdə Venesiya Komissiyasının prezidenti Ermənistanda səfərdə olub, Ermənistan Konstitusiya Məhkəməsinin “hüquqi islahatların “çiçəklənməsi” ilə bağlı konfransında, digər qurumlarda məruzələr edib. Konstitusiya məhkəməsinin iflas etdiyi və tamamilə xaos yaşadığı Ermənistanda, Fransa-Strasburqda yerləşən qurumun ideal və doğru tövsiyələr verməsi çətin sınaqdır.
Məyusedici məqamlardan biri də odur ki, Venesiya Komissiyasının fəaliyyət praktikasında demokratik prosedurlara əsaslanaraq, hər hansı rəyi qəbul etməzdən əvvəl milli təsisatlarla əməkdaşlıq edə, o cümlədən həyata keçirilən azsaylı rəsmi görüş və danışıqların nəticəsində özlərinin müsbət mövqedən yanaşdıqları müddəları sonradan neqativ planda göstərmələri dərin təəssüf doğurur.
Qeyd edilənlərlə yanaşı, onu də bildirmək istərdik ki, Venesiya Komissiyasının rəyində digər Media qanununun çoxsaylı maddələrinə münasibətin adekvatlığı- qəbul edilən Qanunun mahiyyəti və legitimliyini təsdiq edir.
Biz Venesiya Komissiyasının mücərrəd, siyasi və deklarativ xarakter daşıyan bir çox tövsiyələrindən təəssüfümüzü ifadə edirik. Bununla yanaşı, konstitusion qanunvericiliyin təkmilləşdiriləsi yönündə konstruktiv birgə əməkdaşlığa, müzakirə və dialoqa hər zaman açıq olduğumuzu da xüsusi vurğulamaq istərdik”.
Gununsesi.info