“Hələlik, bəzi deputatların iclasa gəlməmək məsələsi ilə bağlı qərar verilməyib. Gündəlikdə də bu məsələ barədə heç nə yoxdur. Nə vaxt qərar verilərsə, o zaman həmin deputatlarla görüş keçiriləcək. İclasa gecikməmələri barədə göstəriş veriləcək”.
Gununsesi.info xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev bəzi deputatların parlamentin ötən iclasına gəlməmələri barədə hər hansı cəza tədbirinin görüləcəyi məsələsinə aydınlıq gətirərkən deyib.
İntizam Komissiyasının sədri, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusu və onun komandanı Nuru paşa haqqında səsləndirdiyi fikirlərə də toxunub. O, bildirib ki, bu məsələyə görə İntizam Komissyası toplanmayacaq.
“Hər çıxışa görə söhbət etsək, o zaman cəzaların sayı iki dəfə artar. Düzü, Araz Əlizadənin çıxışı ilə tanış deyiləm. Hələ baxıb görüm nə danışıb! Həmçinin, deputatın da danışmaq haqqı var. Necə deyək ki, bunu demə, onu de! Səslənən hər fikri şişirtmək lazım deyil”.
Qeyd edək ki, Araz Əlizadə Modern.az-a müsahibəsində “ Erməniləri bizim üstümüzə salan Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi” fikirlərini səsləndirib. Bu fikirlər cəmiyyətdə etirazla qarşılanıb.
Gununsesi.info