Milli Məclisin komitəsində iclas keçirildi

Sentyabrın 11-də  Milli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  payız  sessiyasında  ilk iclas keçirilib.

Gununsesi.info xəbər verir ki, komitənin sədri Əli Hüseynli  yeni  sessiyanın  başlanması münasibəti ilə  həmkarlarını  təbrik edib və onlara qarşıdakı payız sessiyasında  uğurlar  arzulayıb. 

İclasda əvvəlcə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə qısa nəzər salındı.  Əli Hüseynli vurğuladi ki,  ötən  dövrdə  komitə gərgin işləmiş,  keçirilən iclaslarda   127 məsələ müzakirə olunmuşdur  ki, bunlardan da  117-si Milli Məclisin plenar iclasına tövsiyə  edilib və əksəriyyəti qəbul olunub. Hesabat məqbul hesab edildi.  

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik  işləri planı  müzakirə  edildi.  Bildirildi ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin,  Respublika Ali Məhkəməsinin, Baş Prokurorun,  Naxçıvan MR  Ali  Məclisinin qanunvericilik təşəbbüsü  qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan  Respublikasının   dövlət  büdcəsi  zərfinə  daxil olan sənədlər, digər  qanunlara əlavə  və  dəyişikliklər  edilməsi  barədə  qanun layihələrinin müzakirəsi daxil edilib.  Komitə  üzvləri  Qüdrət Həsənquliyev,  Azay Quliyev, Erkin Qədirli,  Nizami  Səfərov, Bəhruz  Məhərrəmov müzakirə  ediləcək  sənədlərlə  ilə bağlı  fikirlərini  açıqladilar, təkliflər bildirdilər.  İş planı  təsdiq edildi. 

Sonra iclasda birinci oxunuşda “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxıldı.  Komitə  sədri vurğuladı ki,  bu medalla  həqiqi  hərbi  xidmət keçən və xidməti  vəzifələrini nümunəvi  yerinə yetirən  zabit  və gizirlər,  müddətdən artıq hərbi xidmət keçən  hərbi  qulluqçular,  ehtiyatda olan və  istefaya  buraxılmış hərbiçilər, həmin orqanda  səmərəli  fəaliyyət  göstərən  mülki  işçilər, habelə bu sahədə  xüsusi  xidmətləri olan  digər  şəxslər təltif  ediləcəklər.  İclasda  iştirak  edən   Səfərbərlik  və Hərbi  Xidmətə Çağırış üzrə  Dövlət  Xidməti rəisinin birinci müavini, general-mayor  Zaur  Abdullayev   yeni  təsis  edilən  medalın  bu sahədə  fəaliyyət  göstərən insanların ruh yüksəkliyinin artırılmasında  rolu olacağını vurğuladı,   təmsil etdiyi qurum adından minnətdarlığını ifadə etdi.  

Komitədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə birinci oxunuşda  baxıldı. Bildirildi ki,  sənədə  texniki xarakterli dəyişiklik təklif  edilib. 

Sonra  iclasda Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda  müzakirə  edildi.  Komitə  sədri vurğuladı ki, sözügedən qanunlarda  nəzərdə  tutulan  səlahiyyətləri  publik hüquqi şəxs  statusunda  Dövlət Məşğulluq  Agentliyi, Dövlət  Sosial müdafiə  Fondu,  Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya  Agentliyi, həmçinin Sosial Xidmətlər  Agentliyi  həyata  keçirəcəkdir. 

Əli Hüseynli Əmək Məcəlləsinə,  Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Uşaq hüquqları haqqında” qanuna təklif  edilən  dəyişiklikləri  birinci  oxunuşda  təqdim edərkən bildirdi ki,   sənədlər  “Gənclər  siyasəti  haqqında” qanuna  dəyişiklik edilməsi  barədə  5 mart 2019-cu il  tarixli  qanun  layihəsinə uyğunlaşdırma  xarakteri daşıyır. 18 yaşına  çatmamış  şəxslərin  mənəvi-əxlaqi  tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində  kompleks  tədbirlər keçirilməsini,  uşaqlara tütün məmulatları  və alkoqollu içkilərlə bərabər energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində  məhdudiyyətləri ehtiva edir. 

Müzakirəyə birinci oxunuşda təqdim edilən Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar Məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişikliklərin isə “Vergi Məcəlləsinə  dəyişiklik edilməsi barədə”  30 noyabr 2018-ci il tarixli  qanun layihəsinə uyğunlaşdırma  məqsədi ilə hazırlandığı bildirildi. 

Sonra Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə birinci  oxunuşda baxıldı. Qeyd olundu ki,  sənədlər “Təhsil haqqında” qanuna  dəyişiklik edilməsi barədə  12 iyun  2018-ci il tarixli  və “Ümumi təhsil haqqında” 29 mart  2019-cu il tarixli  qanunlara uyğunlaşdırma  məqsədi ilə hazırlanmışdır. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda  edilən  termin və ifadə  dəyişikliklərini nəzərdə  tutur.  

Sonra Əli  Hüseynli  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) danışarkən bildirdi ki, “Ümumi təhsil haqqında”  qanunun icrası ilə  əlaqədar  hazırlanmışdır. Qanunla  pedaqoji  fəaliyyətlə  məşğul olması  qadağan edilən  şəxslərlə  əmək müqaviləsi  bağlanılmasına  görə  vəzifəli şəxslər 3 000 manat məbləğində  cərimə  ediləcəklər.

İclasın sonunda müzakirə edilən bütün qanun layihələrinin  Milli Məclisin  plenar iclasına tövsiyə edilməsi qərara alındı.

Gununsesi.info