Milli Məclisin sədri Ruminiyanın Azərbaycandakı səfiri ilə görüşüb

  • By admin
  • 17 Dekabr 2021 14:30

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Ruminiyanın ölkəmizdəki səfiri Vasili Soare ilə görüşüb. Qonağı salamlayan spiker, ona ölkəmizdə diplomatik fəaliyyətndə uğurlar arzulayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

HTML tutorial

Milli Məclisin sədri qeyd edib ki, Ruminiya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqının üzv ölkələri arasında isə ilk ölkədir.

Sədr vurğulayıb ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər inikişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bildrilib ki, bu əlaqələr siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələri əhatə edir. Ölkə başçılarının qarşılıqlı səfərləri və ölkələrimiz arasında əməkdaşlığa dair mövcud olan müqavilə-hüquqi baza əlaqələrimizə dinamizm verib.

Spiker deyib ki, Azərbaycan və Ruminiya arasında yüksək səviyyəli münasibətlər parlamentlərarası əməkdaşlığa da müsbət təsir göstərib. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları uğurla fəaliyyət göstərir. Eyni zamanda, parlamentarilərimiz beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.

Azərbaycanın müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra regionda yeni yaranmış vəziyyət barədə səfiri məlumatlandıran Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan dövləti Ermənistan tərəfindən işğal dövründə tamamilə dağıdılmış şəhər və rayonlarımızda genişmiqyaslı quruculuq və bərpa işləri aparır. Spiker Sahibə Qafarova həmçinin, ərazilərin minalardan təmizlənməsi, Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində hərbi və mülki vətəndaşların həlak olması, Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyəti və digər məsələlər barədə məlumat verib. O, deyib ki, Azərbaycan çoxkonfessiyalı, multikultural bir ölkədir. Biz sülhpərvər ölkə kimi, regionda və dünyada daimi sülhün təmin olunmasını istəyirik.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Vasili Soare ölkəmizdə fəaliyyət göstərməkdən məmnunluğunu dilə gətirib. O, Azərbaycanın Şərqi Qərblə birləşdirən ölkə olduğunu, Rumıniyanın ölkəmizlə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.
Diplomat Azərbaycan və Ruminiyanın dost ölkələr olduğunu qeyd edib və səfir kimi fəaliyyətində ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün səy göstərəcəyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info