Milli Məclis Avropa Parlamenti arasında münasibətləri müzakirə edəcək

  • By admin
  • 18 Noyabr 2016 17:22
avroparlament
Milli Məclislə Avropa Parlamenti arasındakı münasibətlər müzakirə olunacaq. 
Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlunatda bildirilib ki, Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva  və Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 20-də Fransanın Strasburq şəhərinə işgüzar səfərə yola düşəcəklər. 
Qeyd edək ki, Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Avropa Parlamenti ilə əməkdaşlıq yenidən bərpa olunduqdan sonra  bu, qarşı tərəfin dəvəti əsasında Azərbaycan deputatlarının həyata keçirdikləri ilk səfərdir. 
Səfər çərçivəsində nümayəndə heyətimiz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri ilə görüşlər keçirəcək. Söhbət zamanı Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin hazırkı durumu və inkişaf meylləri müzakirə olunacaq. 
Görüşlərdə həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin aradan qaldırılması, ölkəmizə qarşı Avropa Parlamentində müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.
Mürtəza
Gununsesi.info