Milli Məclis qanunu pozan bələdiyyələrin adlarını açıqladı - SİYAHI

  • By admin
  • 13 Fevral 2018 12:42

“Ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1 978 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 740 akt ləğv edilib, 714-ü isə dəyişdirilib”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədliyyə Nazirinin müavini Vilayət Zahirov nazirlik yanında Bələdiyyələrlə iş mərkəzinin-bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini açıqlayarkən deyib.
Nazir müavini bildirib ki, 2017-ci ildə 2 636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: “Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb”.
V. Zahirovun sözlərinə görə, ötən il bələdiyyə aktları vaxtında təqdim edilməyi üçün 98 inzibati xəta haqqında protokol tərtib edilərək müvaviq məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 20 işə isə hazırda baxılır.
O həmçinin əlavə edib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 2252 müraciət daxil olub ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavab verilib: “41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini tapıb”.

Nazir müavini qeyd edib ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: “24 belə fakt olub, həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonununda və başqa bələdiyyəsində aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb”.
V.Zahirov deyib ki, ötən il bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub: “Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır”.

Qeyd edək ki, hesabatla bağlı müzakirələr başlanılıb.

Mürtəza
Gununsesi.info