
3 gün ərzində 5-i uşaq olmaqla 8 nəfərin dəm qazından boğulması faktı Milli Məclisin növbəti plenar iclasında müzakirə olunacaq.
Gununsesi.info xəbər verir ki, hadisədən narahatlığını ifadə edən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, əlaqədar qurumların qazdan istifadəyə dair mənzillərdə mövsümlə bağlı keçirdiyi yoxlamalar qış aylarında normadan artıq olmalıdır.
Onun sözlərinə görə, gecəqondularda, yarımtikililərə növbədənkənar baxış keçirməyə çox böyük ehtiyac var. Eyni zamanda kütləvi informasiya vasitələrində, xüsusi ilə televiziyalarda qazla ehtiyatlı davranmağa dair maarifləndirici çarxlar artırılmalıdır:
“Qaz sobaları yanan otaqlarda ehtiyatlı davranma ilə bağlı sosial çarxlar gün ərzində dəfələrlə yayımlanmalıdır. Standartlara cavab verməyən qızdırıcılardan imtina etməklə bu cür faciələrdən yayınmaq olar”.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən FHN-in və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri qazdan istifadəyə dair texniki şərt alan istehlakçını məlumatlandırmalıdır.
Qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
Xatırladaq ki, ötən gün Bakıda 2 azyaşlı uşaq yaşadıqları mənzildə dəm qazından boğularaq həyatını itirib, uşaqların anası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bundan 4 gün əvvəl – martın 2-də isə Sumqayıt şəhərində kirayədə yaşayan bir ailənin 6 üzvünün dəm qazından boğularaq öldükləri müəyyənləşib.
Lalə
Gununsesi.info












