Milli Məclisdə gərgin  müzakirələr gedir - JURNALİSTLƏR İCLAS ZALINDAN ÇIXARILIB

  • By admin
  • 19 Yanvar 2017 13:33
meclis
Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gərgin anlar yaşanıb, hətta vəziyyət o  həddə çatıb ki, jurnalistlər iclas salonundan çıxarılıb.
 Gununsesi.info xəbər verir ki, komitəsinin iclasında millət vəkili Vahid Əhmədov bu gün Azərbaycanın üzləşdiyi iqtisadi vəziyyətdən çıxış və normal biznes mühitinin yaradılması məqsədi ilə komitənin yaz sessiyasına Rəqabət Məcəlləsinin salınmasını  təklif etdi.
“Cənab prezidenti “Strateji Yol Xəritəsi”ni təsdiq edib və burada rəqabət  məsələsi aydın göstərilir. 10 ildir biz bu qanunu qəbul edə bilmirik.  Hanıs ki, 2006-cı ildə cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilib.  İndiyə qədər dəfələrlə məsələni qaldırsaq da, hər dəfə bir bəhanə gətirilir ki,   sənəd üzərində iş gedir.  Bu nə qədər davam edəcək?
Bu gün Azərbaycanda maraqlar baş alıb gedir. Bu qanunu niyə qəbul etmirlər?! Onda belə çıxır ki, biz Prezidentin  “Strateji Yol Xəritəsi”ni qəbul etmirik?! Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur. Növbəti  plenar iclasda bunu deyəcəyəm.  Çünki biz cəmiyyyət üçün lazım olan qanunları qəbul etmirik.  Kimlərinsə mənafeyini müdafiə etmək məcburtiyyətində qalırıq. Niyə görə?! 
“Strateji Yol Xəritəsi”  Prezident tərəfindən qəbul edildiyindən xahiş edirəm ki,  Rəqabət Məcəlləsi gündəliyə salınsın və  yaz sesissyası müddətində qəbul edilsin. Bundan əlavə olaraq “Maliyyə nəzarəti haqqında” qanun da gündəliyə salınıb, qəbul edilsin”- deyə, millət vəkili vurğulayıb.
 V. Əhmədov  bildirib ki, bu gün ölkədə bank sisteminin fəaliyyətinə baxmaq lazımdır.
“Bank sisteminə nəzarət məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bank sistemində vəziyyət necə idisə, elə də qaldı. Nəsə dəyişdi?! Zamanında bu təşkilat yaradılanda mən  bu iclas salonunda dedim ki, buna ehtiyac yoxdur. Bu indiki şəraitdə Azərbaycana heç nə verən deyil. İndi Mərkəzi Bankla MNBP arasında mübahisəli məsələlər  mövcuddur. Biz bank sistemini sağlamlaşdıra bilmirik. Bank sistemində ciddi problemlər yaranıb.
Əgər biz “Strateji Yol Xəritəsi”nin həyata keçməsini istəyiriksə,  o zaman bank sistemini bu yolla necə sağlamlaşdıracağıq?! Burada ciddi problemlər var. Ona görə hesab edirəm “Maliyyə nəzarəti haqqında” qanunun da qəbul edilməsi kimlərəsə sərf etmir.
Müəyyən qurumlarda maliyyə maxinasiyaalrı olduğundan bu qanunun qəbulu onlara sərf etmir. Odur ki, bir daha xahiş edirəm ki,  təklif etdiyim qanunlar gündəliyə salınsın və müzakirəyə çıxarılsın”- deyə, o, bildirib.
Rəqabət Məcəlləsi ilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri Ziyad Səmədzadə bildirib ki, MM-ə gəlməyən qanun layihəsini  necə müzakirə edə bilərlər?!
“Amma buna baxmayaraq, Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı parlament rəhbərliyi, müvafiq dövlət qurumları ilə danışıqlar aparmışam və onlar da bu məsələnin üzərində işləyir. Qanun daxil olan kimi müzakirə olunacaq”- deyə, komitə sədri vurğulayıb.
V. Əhmədov isə buna cavab olaraq bildirib ki,  bu gün ölkədə inhisarçılıq hökm sürür  və nə qədər bu inhisarçılıq aradan qalxmayıb, heç bir “Strateji Yol Xəritəsi” öz effektini verməyəcək.
Z. Səmədzadə V. Əhmədovun fikri ilə razı olduğunu dilə gətirərək bildirib ki, onunla razıdır:
“Ancaq  hər şey də Milli Məclisdən asılı deyil. Parlamentə daxil olan qanun layihələri müzakirə edilir”.
V.Əhmədov yenidən deyib ki, Rəqabət Məcəlləsi  10 il bundan əvvəl parlamentə daxil olub və iki oxunuşdan keçib:
“3-cü oxunuşda qəbula isə imkan verilmədi və  gündəlikdən çıxarıldı”.
 Millət vəkili Əli Məsimli də V.Əhmədovun təklifini dəstəkləyərək,  Rəqabət Məcəlləsinin və “Maliyyə nəzarəti haqqında” qanunun  qəbulunun vacibliyini dilə gətirib.
 Mürtəza 
Gununsesi.info