Milli Məclisdə yaş həddinin 70-ə qaldırılması təklif olundu

  • By admin
  • 30 May 2023 11:39

“Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökümətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O deyib ki, son zamanlar xüsusilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi sərt xarakter alıb:

“Sanki bu insanlar uzun illər həmin peşənin mütəxəssisi olmamışlar, heç bir bilik və  bacarığa malik deyillər kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müraciətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diktə edir. Nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyası da təxminən minimum pensiya həddindədir və başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli, nə də dövlət əxlaqına sığışdırmaq mümkündür. Təəssüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur.

Mənim fikrimcə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil. Bu, vətəndaşın Konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır”.

Komitə sədri yaş həddinin 70-ə qaldırılmasını təklif edib:

“Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın. Əgər bu təklifi Milli Məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda qanun layihəsini hazırlayıb payız sessiyasında müzakirənizə təqdim edə bilərik”.

Gununsesi.info