Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür

  • By admin
  • 18 İyun 2016 11:24

Mübariz_İbrahimov

 

Bu gün Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun anım günüdür. Gununsesi.info xəbər verir ki, o, qəhrəmanlığı ilə 2010-cu ilin 18 iyununda Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazıb.

Milli Qəhrəman M.İbrahimov 1988- ci il fevralın 7- də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. O, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib və çavuş rütbəsi alıb. 2007-ci ildə xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb, 2008- ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də, valideynlərinin razılığı olmayıb. Lakin yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salaraq, hərbi xidmətə yollanıb. M.İbrahimov bir neçə ay düşmənlə sərhəd olan rayonlarda kənarda xidmət edir və nəhayət 2010- cu ilin aprel ayından Tərtər rayonunun “N” saylı hərbi hissəsinə göndərilib. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30-da təkbaşına erməni tərəfinə hücuma keçib. 1 km-lik neytral məsafəni (minalanmış sahəni) keçərək düşmənin xeyli sayda əsgər və zabitini məhv edib. 5 saat təkbaşına ermənilərlə döyüşdükdən sonra özü qəhrəmancasına həlak olub.

İlkin olaraq erməni tərəfi M.İbrahimovun nəşini Azərbaycan tərəfinə verməkdən imtina edib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin gərgin səyi nəticəsində aparılan danışıqların nəticəsi olaraq, həm Mübariz İbrahimovun, həm də Fərid Əhmədovun nəşi 2010-cu ilin 6 noyabrında Azərbaycana gətirilib. Həmin ilin noyabrında Milli Qəhrəmanın son mənzilə yola salınmasında iştirak edən dövlət başçısı İlham Əliyev çıxışı  zamanı M.İbrahimov haqqında bunları qeyd edib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.

M.İbrahimov şəhid olmazdan əvvəl valideynlərinə məktub yazaraq şəhidlik zirrvəsinə yüksəlməyin şərəfli olduğunu yazıb: “Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik, mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin, çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq, bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin!”

Allah Rəhmət Eləsin!

Gununsesi.info