
Azərbaycan Milli QHT Forumu (MQF) prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, bəyanatda deyilir ki, MQF 118 dairə üzrə 590 və respublika üzrə 30 müşahidəçi ilə vətəndaş cəmiyyəti institutu olaraq müstəqil müşahidə həyata keçirib:
“MQF müşahidə missiyasının rəyi bundan ibarətdir ki, qanunların aliliyi və demokratik dəyərlər prinsipindən irəli gələrək, ölkədə azad, demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması ölkədə demokratik seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaradıb. MQF seçki müşahidə missiyası seçkidən öncə və seçki günü apardığı monitorinq zamanı seçki qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlməyib. Ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunub. Bundan əlavə, MSK tərəfindən 1000 məntəqədə video-müşahidə kamerası quraşdırılıb və bu məntəqələrdə seçkiləri onlayn müşahidə etmək imkanı yaradılıb. Səsvermə otaqları və seçki bülletenləri seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunub. Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün 1455 məntəqədə mobil panduslar quraşdırılıb və onların səsverməsi üçün şərait yaradılıb”.
Qeyd olunanları ümumiləşdirərək, sıralarında 700-ə qədər QHT-ni birləşdirən MQF prezident seçkilərinin milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf, ədalətli şəraitdə keçirildiyini bəyan edib: “Milli QHT Forumu bəyan edir ki, 11 aprel 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkiləri baş tutub və onun nəticələri xalqın iradəsini əks etdirir”.
Gununsesi.info