Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri anılacaq

  • By admin
  • 13 Aprel 2017 17:41

Fatma_Gadri

Aprelin 14-də saat Akademik Milli Dram Teatrının kollektivi, teatr xadimləri I Fəxri Xiyabanda xalq artisti Fatma Qədrinin məzarını ziyarət edəcək.

Gununsesi.info-nun məlumatına görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Xatirə tədbirində Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışılacaq, onun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Qeyd edək ki, milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri 1907-ci ildə Odessa şəhərində doğulub. Rus dilində təhsil alan və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma Qədiri Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb.

Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Fatma Qədri 1968-ci ildə Bakıda 60 yaşında vəfat edib.

Gununsesi.info