Milli komandamız Norveçlə oyunda qalib gəlməklə öz qrupunda yüzfaizli nəticəyə imza atıb. Bundan əvvəl səfərdə San-Marinoya qalib gələn millimiz xalını 6-ya çatdırıb. Hazırda öz qrupunda ikinci olan millimiz yalnız vurulan və buraxılan topların nisbətinə görə lider Almaniyadan geri qalır.
Qol.az-ın məlumatına görə, dünənki uğurdan sonra millimiz DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında yarışan keçmiş SSRİ ölkələri arasında 2 turdan sonra ən yaxşı göstəricəyə imza atıb. Robert Prosineçkinin komandası postsovet məkanda 10 milli arasında (DÇ-2018-in təşkilatçısı olan Rusiya seçmə mərhələdən azaddır) 6 xal qazanan yeganə komandadır.
Qeyd edək ki, 2 turdan 6 xalı olan komandamız bu göstəricisi ilə bütün Avropa ölkələri arasında da ön sıralardadır. Azərbaycan, eyni zamanda qrupumuzun lideri Almaniyadan başqa, DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında oynayan 54 ölkə arasında yalnız İsveçrə, İngiltərə, Albaniya, Belçika və Yunanıstan 2 oyundan 6 xal toplayıblar.
Gununsesi.info