Millimizin baş məşqçisi: “Daxili çempionatı bərpa etməliyik”

  • By admin
  • 01 İyun 2021 11:34

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva müqaviləsinin bir il müddətinə uzadılmasına münasibət bildirib. 

Gununsesi.info xəbər verir ki, hazırda vətənində istirahət edən baş məşqçi bununla bağlı azfutzal.az-a açıqlama verib:

“Müqavilənin daha bir il müddətinə uzadılmasından şad oldum. Həm futzal federasiyasının rəhbərliyinə, həm də AFFA İcraiyyə Komitəsinin üzvlərinə etimada görə təşəkkür edirəm. Azərbaycan millisində işləmək mənim üçün xoşdur. Missiyamı hələ başa vurmamışam. Görüləsi çox işimiz var. Pandemiya ilə əlaqədar zalların fəaliyyətinə icazə verilmədiyinə görə, ölkə çempionatı keçirilmədi. Buna rəğmən, milli komanda ilə uğur qazandıq, növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdik.

Əlbəttə, bizi qarşıda daha çətin sınaq gözləyir. Yanvarda başlayacaq bu yarışa yaxşı hazırlaşmalıyıq. Mümkün qədər yoldaşlıq oyunları keçirməli, daxili çempionatı bərpa etməli, gücləndirməliyik. Planlarla bağlı federasiya prezidenti ilə söhbətimiz olub. Təbii ki, insan sağlamlığı ön planda gəlir. Ümid edirəm ki, bəşəriyyət bu bəladan tezliklə qurtulacaq”.

AFFA İcraiyyə Komitəsinin qərarı ilə futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva ilə müqavilə bir il müddətinə uzadılıb. Braziliyalı mütəxəssis gələn il mayın sonuna qədər millinin “sükan”ı arxasında olacaq.

Gununsesi.info