Millimizin futbolçusu zədələndi

  • By admin
  • 14 Mart 2021 19:34

“Zirə” komandası “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının XX tur matçında zədə problemi ilə üzləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmadan sonra mətbuat konfransında bildirib. 39 yaşlı mütəxəssis Lazar Corceviç və Riçard Almeydanın xəsarət aldıqlarını açıqlayıb. O, ötən tur “Qarabağ”la 0:2 hesabı ilə uduzduqları görüşdə zədələnmiş Klesio Bauku start heyətdə meydana buraxmaqla, riskə yol verdiklərini etiraf edib: “İkinci hissədə gördüm ki, Klesio istədiyi performansı göstərə bilmir, ona görə meydanda sonadək saxlamaq istəmədim”.

Zədələrlə bağlı sindromlarının olduğunu söyləyən Sadıqov Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilənin bu baxımdan faydalı olacağına inam ifadə edib: “Bu gün Elvin Camalov və Hacıağa Hacılı zədə üzündən heyətimizdə yox idilər. Bu yöndə problemlərimiz var. Düşünürəm ki, fasilə xeyrimizə olacaq. Vaxtımız olacaq ki, həm zədəlilərimiz sağalsın, həm də komanda çox yorğundur. Bu oyunlarda rotasiyalar edə, heç kimə istirahət verə bilmirdik. 5-6 gündən bir oyunlara çıxırdılar”.

“Qəbələ” ilə matçda serbiyalı müdafiəçi Lazar Corceviçi 36-cı dəqiqədə Tural Bayramlı əvəzləyib. Həm də Azərbaycan milli komandasının üzvü olan digər orta sahə oyunçusu Riçard Almeyda isə 74-cü dəqiqədə yerini yeni transfer Fakundo Meliviloya verib. Melivilo uzatma dəqiqələrində “Zirə”nin bərabərlik qolunu vurub.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı “Yuventus” stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Gununsesi.info