“Rəşadı və komandasını təbrik edirəm. Layiqli oyun oynadılar”.
Gununsesi.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, əvvəlcə finaldan danışıb:
“Rəşadın komandası kuboku qazanmağa layiq idi. O, bizə qarşı çox yaxşı taktika seçmişdi. Biz isə əl-ələ verib yaxşı nailiyyətlər qazandıq”.
– Penaltilərə hazırlaşmışdız?
– Yox. Heç vaxt buna hazırlaşmıram. Sadəcə bəzən futbolçular özləri məşq edirlər. Ümid edirəm ki, qarşıdakı oyunlarda penaltilərə qalmarıq.
– Düşünmürsüz ki, matçın belə ağır keçməsi sizin leyhinizə oldu?
– Bu oyun həqiqətən futbolçularımı silkələdi. Belə oyunlara daha yaxşı hazırlaşmağa şərait yaratdı.
– Mövsüm bitdi. Neçə gün istirahət edəcəksiz?
– Çox az. Milliyə gedənlərin istirahəti demək olar ki, olmayacaq. Digərləri 10-12 gün istirahət edəcək. Mən isə cəmi 3-4 gün istirahət edəcəm.
– Yeni futbolçu ilə anlaşmısız?
– Danışıqlar gedir. Hələ ki, anlaşmamışıq.
– Hansı futbolçularla yolları ayıracaqsız?
– Bunu yaxın iki gündə açıqlayacağıq.
– 5 il sonra “Qarabağ” “Qızıl dubl” etdi…
– Bunları əldə etdiyimizə görə sevinirəm. Hər bir futbolçunun arzusudur ki, kuboku qazansın.
– Daha yüksək ödənişli futbolçular transfer edəcəksiz?
– Avropada əldə etdiyimiz uğurlardan məmnunuq. Heç də az uğur qazanmamışıq.
– Bu mövsüm “Qarabağ” tarixinin ən yaxşı mövsümü. 10 ballıq şkala ilə neçə bal verərsiz?
– 10 bal verək. Futbolçularımız çox əziyyət çəkdilər. Onlar işlərinə ciddi yanaşdı.
– Rəşad Sadıqovla üz-üzə gəldiniz. Ona qarşı oyunda nə hisslər keçirirdiz?
– Rəşad hər oyun yeni nəsə düşünür. Məşqçiləri daha çox düşünməyə vadar edir. Bu gün o, bütün xırda detalları analiz etmişdi. Bu onun bacarığıdır, işinə olan sevgisidir. Onunla çox möhkəm dostluğumuz var. Bizi dost edən isə bir-birimizə güzəşt etməməyimizdir. Rəşada qarşı oynamaq nə qədər xoşdursa, bir o qədər də çətindir.
– Rəşad sizin yanınızda böyük təcrübə qazanıb. Deyirlər ki, həmişə müəllim tələbəsindən gizli bir şeyi saxlayır. Bugünkü qələbədə həmin o gizlədiyiniz bir şey rol oynadı?
– Mən sevdiklərimdən heç nə gizlətmirəm.
Gununsesi.info