Milyarderə qarşı iş dayandırıldı

Rusiyalı milyarder Əlişir Usmanov Almaniyada çirkli pulların yuyulması ilə bağlı istintaqı dayandırmaq müqabilində 4 milyon avro (4,4 milyon dollar) ödəməyə razılaşıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Bloomberg Frankfurt am Main Baş Prokurorluğuna istinadən yazır.

71 yaşlı iş adamına qarşı cinayət işi oktyabrın 11-də ölkənin Cinayət Prosessual Məcəlləsinin (CPM) 153a bəndinə əsasən bağlanıb.

İşə cəlb olunan şəxs xeyriyyəçilik və ya dövlət büdcəsinə töhfə də daxil olmaqla müəyyən vəzifə və göstərişləri yerinə yetirdikdə istintaqa xitam verməyə imkan verir.

Prokurorluq bu bəndə müraciət etməyi mümkün hesab edib, çünki Usmanova qarşı irəli sürülən cinayət uzun illər əvvəl baş verib və Almaniyada heç kimə maddi ziyan vurmayıb.

İş adamı 1,5 milyon avronu bir neçə qeyri-kommersiya təşkilatına, daha 2,5 milyon avronu isə Almaniya dövlət büdcəsinə köçürməyi vəd edib.

Milyarderin vəkilləri Uwe Lehmbruck və Markus Gotzen bildiriblər ki, 2,5 ildən artıq müddətdə istintaq nə Usmanova qarşı irəli sürülən cinayətlərin faktlarını, nə də ittihamın əsas məqamlarını, o cümlədən çirkli pulların yuyulmasını sübut edə bilməyib.

Onların fikrincə, işə xitam verilməsi “yekun və dönməz prosessual maneə” yaradır, buna görə də Usmanovun cinayət təqibini davam etdirmək mümkün deyil.

Vəkillər iş adamının qonorarı ödəməyə razılığını “prosessual iqtisadiyyat” mülahizələri ilə, xüsusən də milyarderin bu “uydurma işi” uzatmaq istəməməsi ilə izah ediblər.

Frankfurt-Mayn Baş Prokurorluğu milyarderə qarşı 2022-ci ilin iyununda istintaqa başlayıb, onun çərçivəsində bütün ölkə ərazisində genişmiqyaslı axtarışlar aparılıb.

Daha sonra məhkəmə bu axtarışları qanunsuz elan edərək, həbs edilmiş bütün əmlakın sahiblərinə qaytarılması barədə qərar çıxarıb.

Bildirilir ki, bu, Almaniyada Usmanova qarşı aparılan yeganə proses deyil.

Almaniya hakimiyyəti onu Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaqda da şübhələndirir.

Müstəntiqlərin fikrincə, milyarderin dondurulmuş vəsaitlərdən istifadəsinə qadağa qoyulsa da, Almaniyadakı əmlakının qorunmasını ödəyib.

Qeyd edək ki, Əlişir Usmanov Metalloinvest, MegaFon və Udokan Copper şirkətlərinin daxil olduğu USM holdinqinin təsisçisidir.

Milyarder 13,4 milyard dollarlıq sərvətlə Forbes reytinqində 9-cu yerdədir.

O, Aİ, Böyük Britaniya, ABŞ və Kanadanın sanksiyaları altındadır.

Usmanov Avropanın tətbiq etdiyi məhdudiyyətlərə etiraz etməyə çalışsa da, məhkəmədə uduzub.

 

 

Şəbnəm 

Gununsesi.info