“Günay Bank” işində ŞOK ETİRAFLAR: “Emin Zeynalov mənə Dubayda ev təklif etdi”- Zərərçəkən Elgün Bağırov

  • By arzu
  • 19 Noyabr 2019

Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən “Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun məhkəmə prosesi davam etdirilib. Gununsesi.org-un məhkəmə zalında olan müxbiri xəbər verir ki, zərərçəkən Elgün Bağırov ifadə verərək bildirib ki, Emin Zeynalovu dostu Fərid Məmmədov vasitəsi ilə tanıyıb. Elgün Bağırov:

“Fərid Elgünə deyib ki, Eminin yaxşı əlaqələri var və böyük bir məbləğdə pulu ona verək. Elgün Eminə 2016-ci ilin sonunda 200-300 min, dekabr ayında isə 200 min verib. Gələn gəlirin isə 60 faizi mənə, 20 faizi Eminə, 20 faizi isə Fəridə çatmalı idi. Əməliyyatlar “Əmrah Bank”ın filialında həyata keçirilirdi. Gəlir isə, həftəlik verilirdi mənə”.

Zərəçəkən Elgün Bağırov daha sonra əlavə edib ki, Eminə ümumilikdə, hissə-hissə olmaqla 1 milyon 850 min ABŞ dolları pul verib və Emin Zeynalov “Günay Bank”ın sədr müavini keçəndən sonra məbləği daha da artırıb:

“Əlavə 500 min dollar da pul verdim Fəridə. Fərid də “Günay Bank”ın 3 saylı filialına verdi, ordan isə Emin götürürdü. 200 min əlavə olaraq, 2017-ci ilin fevral-mart aylarında verdim. May ayında 100 mində artırdım. Yayda iş zəif olduğuna görə, oktyabr ayında Emin məbləğin artırılmasını istədi və mən ona 200 min də verdim. Ayda artıq 57-58 min qazanc verirdi pulum. 2017-ci ilin sonunda Emin mənə yazdı ki, “Tarqovı”da valyutadəyişmə məntəqəsinə pul lazımdır, ərəblər Bakıda çoxdur. Mən də Fəridə dedim ki, geri çəkdiyin 600-700 mindən 200 mini qaytar Eminə. Bayramlar qurtardıqdan – Yeni ildən sonra pulların hamısını geri çəkdik. Martın əvvəllərində yenidən ana məbləği 1,850 min dollara çatdırdıq və ayda mənə 65 min dollar xeyir verirdi. 2018-ci ilin aprelin sonuna kimi gəlir əldə etmişəm”

Elgün Bağırov ifadəsinin sonlarında ümumilikdə, dövriyyədən 700-800 min dollar gəlir götürdüyünü və 220 min dollar da vasitəçi Fərid Məmmədovun qazandığını bildirib.

“2018-ci il aprelin 30-da Fərid bir sumka pulla bizə gəldi və pulumu geri qaytardı. Səbəb onu gətirdi ki, mən Eminin işlərindən şübhələnirəm . Ancaq sonra Emin bizə gəldi təklif elədi ki, gəl, Fərid olmadan özümlə işlə. Mən də inanıb Eminin sürücüsü Arif vasitəsi ilə həmin pulu göndərdim ona və bu məbləğə öz aramızda işləməyə başladıq. Bundan sonra Fərid gəlib dedi ki, deyəsən, Emin normal işləməyə başlayıb. Təzədən 850 min dollar verdim Fəridə. O da aparıb Eminə verdi. Bir də Fəridlə Məkkə ziyarətinə gedəndə, 5 min dollar Səudiyyə Ərəbistanının yerli pulu ilə mənə göndərdi. Sonra Ümrə ziyarətinə getdim, orda eşitdim ki, Emin qaçıb. 2018-ci ilin iyun ayında mənim bir tanışım zəng vurub dedi ki, Emin şəhərdə 5-3 faizlə pul yığıb şəhərə yüksək faizlə paylayır. Ancaq Emin dedi ki, “bu şaiyədir, sadəcə həmin şəxslər mənə pul verib, işləmək istəyir, mən isə razılaşmadım”. Bu xəbərdən dərhal sonra ziyarətimizi yarımçıq qoyub geri Bakıya qayıtdıq. Dərhal gedib Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ərizə yazdım. Verdiyim bütün pullar özümə məxsus olub. Mənə zərərin ödənilməsi ilə bağlı Dubayda ev təklif etdi. Eminin vəkili Elxan müəllim sonra gəlmədi”.

Elgün Bağırovdan sonra Xalıqov Elgün dindirildi. Elgün Eminə 140 min dolları Xələfov Vazeh vasitəsi ilə verdiyini bildirdi. İlk olaraq 95 min dollar Vazehə verdim, ayda 3-4 min dollar pul verirdi mənə:

“Vazehə pul verəndə dedim ki, Emin bilməsin, pul mənimdir. Cəmi 5 ay gəlir götürmüşəm. Mən Eminin tutulmasını eşidəndən sonra Vazeh gedib mənim icazəm olmadan şikayət yazmışdı. Mən pulumu Vazehdən tələb edirəm, Emindən şikayətim yoxdur”.
Sonra növbəti zərərçəkən Məmmədova Xalidə izahat verib. ” “Günay Bank”ın 4 saylı filialın müdiri olmuşam. Emin bizim banka müavin gəldi. Qısa müddətdə bankın əməkdaşlarının hörmətini qazandı. Xəzinədarlıq departamenti Emin Zeynalovun kurasiyasında idi. Dindar idi, hər gün namaz qılırdı. Anam da onkoloji xəstəlik tapıldı. Bundan sonra həm mən, həm də atam mənzilimizi satışa qoymalı olduq. Öz mənzilimi satandan sonra 63700 dollar, 80 min manatı, ümumi 243 min manat pulu 2017-ci ildə Emin Zeynalova verdim. O, öz tikdikləri binadan mənə mənzil verməli idi. Aprel ayının sonlarında Emin müəllimə mütəmadi yazırdım, o isə deyirdi: “Narahat olma, Vüqar işçimiz sənə pul verəcək”. Sonra eşitdim ki, Emin tutulub. Zakir müəllimlə görüşdüm, o ağlasığmayan söyüşlər söydü mənə. Anası Leyla xanımla görüşdüm, o da söz verdi ki, pulunu qaytaracam. Ancaq sonra heç telefon zənglərinə cavab vermədilər. Bu qədər zərərçəkən içində yeganə qadınam, özü də axırda şikayət vermişəm. Eminin digər bacısının yoldaşı Ağ şəhərdə ev tikirdi. Bu işlə bağlı “Günay Bank”ın rəhbərliyinə müraciət etdim,  onlarında heç bir reaksiyası olmadı”.
Sonra zərərçəkən Fərid Məmmədov Emin Zeynalovla aralarında olan hesabatı məhkəməyə təqdim etdi. Növbəti proses noyabr ayının 27-nə təyin olundu.