Minalar Əleyhinə Azərbaycan Kampaniyasından mina qurbanlarına yardım

  • By admin
  • 30 Oktyabr 2020 23:28

 

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq və kiçik biznes proqramlarına cəlb olunması”  adlı layihənin icrasını uğurla yekunlaşdırmışdır.  

Bu barədə adıçəkilən qurumdan Gununsesi.info-ya daxil olan xəbərdə deyilir.

Məlumata görə, layihənin məqsədi mina partlayışı nəticəsində yaralanmış şəxsləri və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların  sosial problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarət idi.

 Qrant layihəsi Füzuli və Tovuz rayonlarında həyata keçirilmişdir. Dörd nəfər mina qurbanına arıcılıq və bal istehsalı ilə məşğul olmaq üçün lazım olan bürün mal və avadanlıqlar alınıb onlara təhvil verilmişdir. Layihənin benefisiarlarından iki nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı, digər iki nəfər isə mülki şəxs olaraq mina qurbanı olmuşlar. 

 

Layihə çərçivəsində keçirilmiş görüşlərdə mina qurbanları və digər müharibə əlilləri, onların ailə üzvləri belə layihələrin keçirilməsini yüksək qiymətləndirmiş, layihənin icrasına maliyyə yardımı ayırmış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq bildirmişlər. Onlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə, maldarlıq və qoyunçuluqla məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret  layihələrinin olduğunu  və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildirmişlər.

 

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi  böyük ümüdlərlə inanır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bundan sonra da belə layihələrə maliyyə dəstəyi verəcək və bununla da digər rayonlardan olan mina qurbanlarına və digər müharibə əlillərinə iqtisadi imkanların yaradılması həyata keçiriləcəkdir.

 Gununsesi.info