Minalar ərazilərimizin bərbasında böyük təhlükə olaraq qalmaqdadır - Badamov

  • By admin
  • 02 Aprel 2022 12:38

“4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ərəfəsində Bakıda keçirilən Humanitar Mina Fəaliyyəti və Davamlı Məqsədləri üzrə beynəlxalq konfransı ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan torpaqları dünyada ən çox minalanmış ərazilər sayılır. Ermənistan torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın bir müddətdə bu ərazilərdə yüz minlərlə minalar basdırıb. Hətta Ermənistan məğlubedilməz ordusu haqqında mifi də basdırılmış minalara arxayınlaşaraq səsləndirib”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov vurğulayıb.

Deputatın sözlərinə görə, ermənilər fikirləşirdilər ki, işğal altında saxladıqları torpaqların hər yerini minalamaqla Azərbaycan ordusunun heç bir halda hücüma keçə bilməyəcəyəini düşünürdülər: “Amma reallıq onu göstərdi ki, ordumuzun qarşısında qoyulmuş döyüş tapşırığının icra edilməsinə basdırılmış minalar mane ola bilməz və 44 gündə torpaqlarımızı işğaldan azad etməyimiz bir daha bunu sübut etdi.

İndi post-müharibə dövrüdür və azad etdiyimiz ərazilərimizdə  yenidənqurma və bərpa işlərinə başlamışıq. Amma ermənilərin xaotik şəkildə basdırdıqları yüzminlərlə mina bu gün həmin əraziləri bərpa etməyimizdə böyük mane və təhlükə olaraq qalmaqdadır. Dünya praktikasında məğlub qalib tərəfə minalanmış ərazilərin xəritələrini təqdim edir və post-müharibə dövründə dinc insanların ölümünə yol açan minaların zərəsizləşdirilməsinin sürətlənməsində iştirak edir. Bu həm də beynəlxalq konvensiyaların tələbidir. Amma Ermənistan beynəlxalq öhdəlikləri saymır və beynəlxalq hüququ pozmaqda davam edir”.

A.Badamov vurğulayıb ki, post-müharibə dövürdə humanizm prinsiplərini rəhbər tutan Azərbaycan bütün əsirlərini Ermənistana təhvil verib: “Lakin Ermənistan öz düşmənçilik xislətini yenə də gizlətməyərək minalanmış ərazilərin xəritələrini tam şəkildə Azərbaycana təhvil vermir. Həm də verilmiş xəritələrin dəqiqliyi 25%-dən artıq olmadığına görə minatəmizlənmə işlərinin görülməsi çətinləşir. Təəssüf ki, 200-dən çox vətəndaşımız post-müharibə dövründə minalara düşürək həlak olub və ya ağır yaralanıb. Bakıda keçirilən beynəlxalq konfrans dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərindəki mina probleminə cəlb etməsi və qayıdış, bərpa-quruculuq üçün ən böyük maneənin məhz Ermənistanın basdırdığı bu minalar olduğunu çatdırmaq baxımından böyük əhəmiyyətə malikdir. Bu humanitar məsələdə bizə beynəlxalq səviyyədə nə qədər çox dəstək olarsa, minatəmizlənmə işlərini də bir o qədər tez başa çatdıra və həmin ərazilərə qaçqınlarımızın qayıtması üçün şəraitlərini yenidən qurub bərpa edə bilərik”.

Gununsesi.info