Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, bölgələrdə davamlı olaraq tədbirlər keçirilir. Gununsesi.info xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində 27 may 2016-cı il tarixdə Mingəçevir şəhərində “Vətəni sevmək imandandır” mövzusunda doqquzuncu- sonuncu maarifləndirici tədbir keçirilib.
Mingəçevir Dövlət Universitetinin Akt zalında təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü-bölgə qazısı Əli Məmmədov, Mingəçevir şəhər İH, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev, Mingəçevir Dövlət Universitetinin “Humanitar fənnlər” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova, dini icmanın sədri Yusif Yusifov, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar, dindarlar və universitetin tələbə-gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev ilk növbədə tədbir iştirakçılarını 28 May – Respublika günü münasibətilə təbrik etmiş, daha sonra layihə çərçivəsində həyata keçirilmiş maarifləndirmə tədbirlərinin mahiyyəti və əhəmiyyətindən söhbət açaraq dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirmiş, həmçinin mövzu ətrafında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşərək vətəni sevməyin bütün vətəndaşların müqəddəs borcu olduğunu qeyd etmiş, çıxışının sonunda bölgə qazısı Əli Məmmədovu tədbir iştirakçılarına-dindarlara təqdim etmişdir.
Daha sonra çıxış edən bölgə qazısı Əli Məmmədov tarixən ölkə ərazisində təşəkkül tapmış və dövlətimiz tərəfindən daim dəstəklənmiş multikulturalizm, tolerantlıq kimi dəyərlər barədə tədbir iştirakçılarına məlumat vermiş, həmçinin mövzu ilə bağlı çıxış edərək vətəni sevməyin imandan gəldiyinə dair fikirlərini islam dünyasının görkəmli şəxslərinin fikirləri və islam dəyərləri ilə əsaslandırmışdır.
Tədbirdə eyni zamanda Mingəçevir Dövlət Universitetinin “Humanitar fənnlər” kafedrasının baş müəllimi İlham Məmmədov, Mingəçevir şəhər İH-in nümayəndəsi-dini qurumlarla işin təşkilatçısı, p.f.d. Sahib Əliyev, Mingəçevir şəhər “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşviq Nəcəfov, şair-tədqiqatçı Əbülfət Həsənoğlu da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər multikulturalizmin tarixən Azərbaycan xalqının həyat tərzi olması, multikuluralizm anlayışının kök olaraq islam dininə aid olması, xalqımızın tarix boyu müxtəlif işğalçı qüvvələrə qarşı azadlıq mübarizəsi aparmasında milli-mənəvi sərvətimiz olan islam dəyərlərinin böyük rolu olması və bu dəyərlərin insanları vətəni sevməyə çağırmasından bəhs ediblər.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılmış, həmçinin icmaya ayrılmış maliyyə vəsaiti hesabına nəşr edilmiş müxtəlif dini təyinatlı ədəbiyyatlar, o, cümlədən “Qurani-kərim”in Azərbaycan dilinə tərcüməsi, eyni zamanda DQİDK tərəfindən nəşr edilmiş “Dövlət və Din” jurnalı iştirakçılara paylanmışdır.