
Mingəçevir şəhər Prokurorluğunun binasında dindirilən Turalə Aslanovanın özünü ikinci mərtəbədən atdığı deyilir.
Gununsesi.info xəbər verir ki, 32 yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ailə üzvləri bildirir ki, hadisə müstəntiqin otağında baş verib. Həmin vaxt otaqda müstəntiq və vəkili Emin Kiçikbəyov olub.
Qeyd edilir ki, T.Aslanova prokurorluqda istintaqı gedən dələduzluq işi üzrə dindirilməyə çağırılıb.
Turalə Aslanovanın atası Natiq Aslanov hesab edir ki, övladını özünü öldürməyə vadar ediblər. Onun sözlərinə görə, qızına hədə-qorxu gəlirdilər.
“Qızım hamısını açıb demişdi ki, pullar kimdədir. Amma araşdırmaq istəmirdilər. Günahkarı cəzalandırmaq əvəzinə qızımı hədələyirdilər. Əlimizdə sübut-dəlillərimiz var. Qızım bu barədə Baş Prokurora da yazmışdı. Nə oldu nəticəsi? Nəticə o oldu ki, axırda onun özünü öldürdülər…”, – N.Aslanov deyib.
Atası əlavə edib ki, Turalə Aslanova keçmiş polis əməkdaşı idi. O, “ASAN Xidmət” Mərkəzində qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində işləyib.
Baş Prokurorluq Mingəçevir şəhər Prokurorluğundakı hadisəni təsdiqləyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar hazırda Baş Prokurorluq araşdırma aparır:
“Turalə Aslanova vəkilinin iştirakıyla dindirmə üçün prokurorluğa dəvət edilib. İstintaq hərəkətinin gedişində 2-ci mərtəbədə yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır bədən xəsarəti alıb. Dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb”.
Prokurorluğun məlumatına görə, T.Aslanovanın dindirildiyi cinayət işində bir neçə nəfərin ümumilikdə 413 min manat pulu mənimsəməsindən söhbət gedir.
***
İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.
Bu barədə Mingəçevir şəhər prokurorluğundan bildirilib.
Məlumata görə, istintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır bədən xəsarəti alıb.
T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
Gununsesi.info