Mingəçevirdə “Zəfərə aparan yol” adlı tədbir keçirilib

Mingəçevir Şəhər İcra Hakimiyyəti, N saylı hərbi hissə və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, hərbçilərin, şəhid ailələrinin, veteranların, qazilərin, məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tanınmış incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam edən tədbirdə hərbi hissənin komando əsgərlərinin xüsusi döyüş hazırlığı, məktəblilərin kitab, rəsm, əl işləri sərgisi, mədəniyyət evlərinin təqdimatında milli kulinariya nümunələri və Novruz bayramı atributları nümayiş etdirilib.

Əsgərlərlə gənclərin birgə kross qaçışı, müxtəlif oyunlar və rəqslər maraqla qarşılanıb.

Tədbir çərçivəsində kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi də keçirilib. İştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsilə ürək sözlərini yazıblar.

Sonda müxtəlif idman yarışlarında və müsabiqələrdə fərqlənən yeniyetmə və gənclər fəxri fərman, diplom və təşəkkürnamələrlə təltif olunublar.

 

 

 

 

 

 

Gununsesi.info