Mingəçevirdə 13 nəfərin yaralandığı qəza ilə bağlı cinayət işi başladıldı

  • By admin
  • 25 May 2020 14:52

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Gununsesi.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Mingəçevir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib.

Qeyd edək ki, ötən gün Mingəçevirdə “Opel” markalı minik avtomobili kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılıb.

2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Səccad Məmmədlinin durumu daha ağırdır və o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2015-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Gununsesi.org