Mingəçevirdəki Ağdam məktəbinin bağlanması təsdiqini tapdı -MÜƏLLİMLƏR İŞSİZ QALIB

Xəbər verdiyimiz kimi, Mingəçevir Su Anbarının yaxınlığındakı “Turist Baza” kimi tanınan qəsəbənin sökülməsi səbəbindən ərazidə yaşayan məcburi köçkünlərin köçürülməsinə start verilib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və köçkün rayonlarının rayon icra hakimiyyəti strukturları təmsilçiləri ailələri razılaşma əsasında müxtəlif yerlərə köçürür.

Lakin köçürülmə ilə bağlı yaranan qeyri-müəyyənlik var.

Belə ki, həmin ərazidə fəaliyyət göstərən 72 saylı Ağdam məktəbinin taleyi qeyri-müəyyən qalıb.

Məktəbin müəllimlərinin sözlərinə görə, köçdən sonra təhsil müəssisəsinin fəaliyyətini dayandıracağı ilə bağlı məlumatlar var və onlar bu səbəbdən qeyri-müəyyən vəziyyətdə qalıblar.

Məsələ ilə bağlı Gununsesi.info Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda Mingəçevir şəhərində — “Turist Baza” adlanan yaşayış massivində fəaliyyət göstərən Ağdam rayon 72 nömrəli tam orta məktəbin şagirdləri Böyük Qayıdış proqramı çərçivəsində yeni yaşayış ərazilərinə köçürülür.

Qeyd olunub ki, köçürülmə zamanı şagirdlərin müvafiq təhsil müəssisələrinə yerləşdirilməsi, təhsilin və tədrisin fasiləsiz davam etdirilməsi tam təmin olunur.

“Məktəbin gələcək fəaliyyəti və müəllim heyətinin yerləşdirilməsi ilə bağlı məsələlər hazırda baxılma mərhələsindədir. Böyük Qayıdış proqramı çərçivəsində köçməyən müəllimlərin işlə təmin olunması üçün müvafiq tədbirlər görülür”, – qurumdan bildirilib.

Həmin məktəbdə çalışan müəllimlərin işlə təmin olunması açıq qalıb.

Mövzuya qayıdacağıq.

 

Şəbnəm Rəhimova

Gununsesi.info