Minimum əmək haqqındakı artım kimlərin maaşına təsir edəcək?

  • By admin
  • 10 Yanvar 2023 10:59

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Ümumilikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.

Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanları əhatə etməyəcək.

Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Beləliklə, məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artıralacaq:

Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.

Bəs əmək haqqı artımları neçə faiz olacaq?

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əmək haqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir.

“Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqlar 345 manatdan azdır və onlar 300-338 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 979 manatdır. Minimum əmək haqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək”.
Müəllim və həkimlərin maaşları artacaqmı?
Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əmək haqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözləniləndir. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

Gununsesi.info