Minlərlə qadın və uşağın başına gətirilənlər insanlıq adına utancdır - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 21 Noyabr 2016 15:22

melahet2

“Erkranda göstərilən  qaçqın və məcburi köçkün qadın və uşaqların  başına  gətirilən faciələri, sığınacaq axtardıqları  Avropa ölkələrində  başlarına gələn dəhşətləri  gördükdə öz-özümə  sual verdim ki,  bəlkə qadın olmaq bir günahdır?..

Nə qədər ki,  Ermənistan kimi işğalçı dövlətlərə, silahlı münaqişələri yaradan  terrorçu təşkilatlara dəstək verən  ölkələrə qarşı ciddi sanksiyalar, tədbirlər görülməsə, qadınlara, uşaqlara, eləcə də insanlığa qarşı baş verən  zorakılıq, zülm, zillət, cinsi istismar halların qarşısı alınmayacaq, bu proses  davam edəcək. 

BMT-nin statiskasına görə, 65 milyon mülki  insan müharibə gedən ölkələrdə evlərindən-eşiklərindən didərgin düşüb, qaçqın olublar. Ona görə də nə qədər ki, Ermənistan və onun kimi təcavüzkar ölkələrin cavabı qəti verilməyəcək, bu proses davam edəcək.  

21-ci əsrdə elm və texnologiyanın belə yüsək səviyyədə inkişaf etdiyi  bir dövrdə 65 milyon  insanın qaçqın və məcburi köçkün olması, həqiqətən də  insanlıq və bəşəriyyət üçün utancverici haldır. 

Ermənistanın təcavüzkar ordusunun 1992-ci ildə Xocalıda  bir gecədə  törətdiyi qətliam, azərbaycanli qadın, uşaq və digər dinc sakinlərinin başlarına gətirilən faciə və soyqırım da  bu qəbildəndir.  Eləcə də işğal zamanı itkin düşmüş və ya girov götürülmüş, cinsi istismara məruz qalmış  qadınların sonrakı taleyi   barədə kimlər cavab verəcək?

 Bu cür faciələrin yenidən təkrarlanmaması üçün  belə dəhşətlərə səbəbi olan  qurumlar, təşkilatlar və ökələrə qarşı  çox ciddi tədbirlər və qətimkan tədbirləri görülməlidir.  Nə qədər ki, bu cür halların davam etməsinə imkan veriləcək, dünyanın gələcəyi haqda nikbin danışmaq mümkün olmayacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyənin İstanbul şəhərində  keçirilən NATO Parlament Assambleyasının (PA) 62-ci illik sessiyasında sözügedən qurumun Təhlükəsizliyin mülki ölçüsü, müdafiə və təhlükəsizlik komitəsinin iclasında “Qadınlar və müharibələr” mövzusundakı çıxışnda Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili mötəbər tədbirdən aldığı təəssüraları danışıb:

“Məruzələrdə müasir dövrün ən aktual problemlərinə toxunuldu. Qurumun yaz sessiyasında müzakirə olunmuş məsələlərə bir daha diqqət yetirildi. Terrorçuluğa qarşı mübarizədə Avroatlantik imkanların və əməkdaşlığın gücləndirilməsi gündəmdə oldu. İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi kampaniyalar, dəyişən dünyada Çinin mövqeyi, Fars körfəzində təhlükəsizlik, miqrasiya böhranının nəticələri və digər məsələlər təhlil edilərək, müzakirə olundu.

Plenar iclasda rəsmilərin çıxışlarından sonra fikir mübadiləsi aparıldı. ABŞ Atlantik Şurasının transatlantik əlaqələr üzrə baş elmi işçisi, beynəlxalq siyasi analitik Sabina Freyzer çıxışında bildirdi ki, hazırda problem əsasən, Orta Şərqdən, Suriya və İraqdan qaçan qadınların, qaçqın və məcburi köçkünlərin  taleyi  müzakirə obyektidir.  Həqiqətən də, müharibələr nəticəsində əziyyət çəkən, işgəncələrə məruz qalan qadınların, uşaqların  vəziyyəti, eləcə də  müharibələrdə və müharibədən sonra qaçqın və məcburi köçkünlərin çəkdikləri əziyyət insanlıq üçün bir utancdı. Onların başına gələn zülm və əziyyətlər statistik  rəqəmlərlə, video-film və çarxlarla komitə iclasında iştirakçıların diqqətinə çatdırıldı.

Hətta, müharibələr zamanı ölən və itkin düşən qadınların sayı da açıqlandı. Aralıq dənizindən qaçaq yolla keçərkən boğulanların, eləcə də İŞİD Terror Təşkilatının zülmündən baş götürüb  qaçarkən  ölənlərin sayı haqda  məlumat verildi.  Avropanın ayrı-ayrı ölkələrində sığınacaq alan qaçqın qadın və uşaqların taleyi ilə bağlı utancverici hadisələrin olduğu bir daha diqqətə çatdırıldı.

Sessiyada, komitənin iclasında  bütün NATO-ya üzv olan  ölkələrintəmsilçilərinin, daha doğrusu,  assosiativ üzv olan olan müşahidəçilərin, eləcə də media nümayəndələrinin bu kadrları izləyərkən damarlarında qanı donurdu. Bu görüntülərdə  inanılmaz sayda dəhşətli kadrlar göstərilirdi.   Tədbir iştirakçılarına sənədli video-filmlər göstərilirdi. Bu haqda sözsüz ki, danışmaq lazımdır. Bunu deməyi özümə borc bilirəm ki, Türkiyə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsində çox mühüm və təqdirəlayiq işlər görüb”.

Millət vəkili qeyd edib ki, Türkiyənin hazırda müharibə gedən ölkələrdən gəlmiş insanlardan –  3 milyondan çox məcburi köçkünə ev sahibliyi etməsi, onların səhiyyə, təhsil və digər problemlərini həll etməsi elə də asan  iş deyil:

“Həqiqətən də,  Türkiyənin bu sahədə gördüyü işlər dünya ölkələri üçün nümunədir.  Sabina Freyzer də çıxışında dəfələrlə qeyd etdi ki, təkcə Türkiyədə  bu qaçqın və məcburi köçkünlər öz nicatlarını tapıblar. Sözsüz ki, Türkiyədə də qaçqın və məcburi kökünlərlə bağlı müəyyən problemlər var.  Çünki   3 milyon qaçqın və məcburi köçkünə ev sahibliyi etmək elə də asan iş deyil.  3 milyon qaçqın və məcburi köçkün Ermənistan və Gürcüstanın əhalisinin sayı qədər bir ölkənin vətəndaşı deməkdir.

Freyzer hazırda Avropanın ayrı-ayrı ölkələrində sığınacaq alan məcburi  köçkün və qaçqınların, qadın  və uşaqların faciələrdən, gördükləri zülmlərdən və xüsusilə də, məruz qaldıqları  cinsi istismardan, dəhşətli  video-süjetlərdə əksini tapan-İŞİD terrorçularının əlinə düşən qadın və uşaqların  başlarına gətirilən işgəncələrdən danışdı. Onun təqdimatı bitdikdən sonra komitənin iclasında iştirak edən ayrı-ayrı ölkələrin millət vəkilləri də bu mövzu ətrafında çıxış edib müzakirələr aparırdılar.

Mən də söz istəyib Freyzerin çıxışı haqqında fikirlərimi bildirdim. Mən çıxışıma belə başladım: dogrudur, böyük bir mötəbər təşkilatın rəhbəri bütün bunları bizim diqqətimizə çatdırdı. Dünyada BMT-dən böyük üst bir təşkilat yoxdur.  Lakin bu təqdimatda , eləcə də bu gün BMT kimi digər  beynəlxalq təşkilatlar da bu hadisələri, faciəni insanların diqqətinə çatdırmaqla öz vəzifələrini bitmiş hesab edirlər. Lakin buna baxmayaraq, təqdim edilən hesabatlarda öz əksini tapan işgəncə hallarına qarşı əməli iş yoxdur. Odur ki, söylənilən faktlarla bağlı konkret addımlar atılmalıdır.

Əgər bu problemləri yaratmış  səbəbləri aradan qaldırmaq mümkün deyilsə, bu cür hallar davam edəcək. Qadınların və uşaqların başına gətirilən  belə faciə və acı  dəhşətlərin olduğu ölkələrdə ciddi  işlər görülməlidir. Freyzerə, eləcə də sədarətə,  NATO-nu təmsil edən insanlara müraciət edərək dedim ki,  hüquq müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatları var.  Bu təşkilatlar hansısa ölkədə bir heyvanın ayağına daş dəyəndə, elə hay-küy salırlar ki, hətta, onlar belə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsi qərarına da  gəlirlər. Ancaq bu qədər insanın, minlərlə qadın və uşağın başına gətirilənlər insanlıq adına utanc verir,  həmin təşkilatlardan isə səs çıxmır.

Xüsusilə  də, BMT, NATO, Avropa  Şurası Parlament Assambleyası,  eləcə də ATƏT bununla bağlı ciddi addımlar atmır.  Baxmayaraq ki, BMT-nin müharibələrdə qadınlarla bağlı , qadınların müharibələrin qarşısının alınmasında – sülh quruculuğu prosesində iştirakıyla əlaqədar məşhur qətnaməsi var- 1325. Bu qətnamədə deyilənlər  öz əksini tapıb,  ancaq buna baxmayaraq, heç bir işlək mexanizm yoxdur.  Freyzer  elə belə də dedi. Dedi ki,  bu prosesin mexanizmi yoxdur. Həqiqətən də  bu, çox gülüncdür.  Dünyaya ağalıq etmək istəyən qüvvələrin  marağına uyğun gələndə bir-iki dəqiqənin içində çox rahatca qərar verirlər, amma bu gün insan haqlarından danışan, demokraiyanın beşiyi hesab edilən Avropa ölkələri bu qədər qadın və uşağın başına gətirilən faciələrə göz yumurlar.

İnterpolun Avropa bölümü var, Avropol. Bu  təşkilatın 2015-2016-cı il üçün verdiyi statistikalarda Almaniya, Fransa, İtaliya və digər inkişaf etmiş ölkələrdə  minlərlə uşağın itdiyini deyirər. Eləcə də 100-lə qadının başına oyun gətirildiyini və itkin düşdüyünü deyirlər. Bəs həmin uşaqalrın və qadınların taleyi ilə maraqlanan Avropa təşkilatları varmı?  Bu haqda dəfələrlə sual verdim. Soruşdum ki, bu itən uşaqların taleyi haqqında kim zəmanət verir ki, onlardan terrorçu hazırlamayacaq və ya onardan kimsə silah qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların əlinə düşməyəcək, yaxud,  əmək istismarına, eləcə də cinsi istismara məruz qalmayacaqlar? Narkotik alverində, ticarətində bu insanlardan istifadə olunmayacaq?”

Millət vəkilinin dediyinə görə, axı, minlərlə bu cür itkin düşmüş insanlar  gələcəkdə Avropa ölkələri üçün təhlükə mənbəyidir.

“Freyzere sual verdim ki, 5 il bundan əvvəl Avropada, eləcə də dünyanın hər yerində  deyilsəydi ki, Ukraynada müharibə olacaq,  torpaqları işğal olunacaq,  qadınlar və uşaqlar əsgərlərin qurbanlarına çevriləcək, zorakılıqlara şiddətə məruz qalacaq, heç kim buna inanmazdı.

Amma bu gün gözümüzün qabağında  Şərqi Avropa hesab edilən Mərkəzi Avropada- Ukraynada  hansı etnik kimliyə mənsub olmasından asılı olmayaraq, qadınların başına gətirilənlər dərs olmursa, deməli, faciələr yalnız kağız üzərində statitik məlumatdan o yana keçmir.

Mən Xocalıda baş verən faciədən,  Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı, elan edilməmiş müharibədə qaçqın və məcburi köçkün qadın və uşaqların  başlarına gətirilənlərdən danışdım. Bildirdim ki, Azrbaycan heç bir beynəlxalq təşkilatdan kömək almadan   1 milyon qaçqın və məcburi köçkünün problemini aradan qaldırldı.  Mən Ermənistanən işğalçı ordusunun azərbaycanlı qadınların başlarına gətirdikləri hadisələrdən danışdım, onların  qaçqınlıq həyatından məlumat verdim”- deyə, millət vəkili sonra bildirib.

Qeyd edək ki, Milli Məclis (MM) sədrinin birinci müavini, NATO Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Sessiya çərçivəsində qurumun Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Elm və texnologiya daimi komitələrinin iclasları keçirilib və keçirilir.

 

Gülnaz Qənbərli

Gununsesi.info