Minlərlə suriyalı Livana qaçır

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə ölkənin qərbində respublikanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində bir neçə min suriyalı Livana qaçmağa məcbur olub.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Livan hakimiyyətinin məlumatına görə, təkcə Livanın şimalındakı Masoudieh kəndi ərazisində 500 ailə sığınacaq tapıb. Safita şəhərindən Livana qaçan suriyalı bildirib ki, münaqişə “məzhəblərarası müharibə” xarakteri alır. Nəşr qeyd edir ki, bölgədə vəziyyət gərgin olaraq qalır və Livana qaçqın axını artmaqda davam edir.

Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidentinin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.

Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətin tabeliyində olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 800-ü keçib, əksəriyyəti Ələvi icmasındandır.

 

 

 

Gununsesi.info